Qarabağa dair məxfi sənədləri niyə açırlar?

8 Fevral 2023 01:20 Araşdırma 459
Qarabağa dair məxfi sənədləri niyə açırlar?

ABŞ Dövlət Departamentinin 1997-1998-ci illər üçün sənədləri dərc edilib.

Onların arasında Qarabağ siyasəti ilə bağlı olanlar da var.

Bu haqda ABŞ-ın AzadlıqRadiosunun erməni bürosu məlumat yayıb.

Bəzi erməni şərhçilərin iddiasına görə, sözügedən sənədlər sübut edir ki, Ermənistan üçün obyektiv olaraq daha sərfəli olan “paket” həll variantından imtina edən məhz Qarabağdakı separatçı rejim və İrəvanda ovaxtkı baş nazir və sonradan prezident olan Robert Köçəryanın təmsil etdiyi Qarabağ klanının rəhbərliyi olub.

Bəhs edilən sənədlərdən bəzi sitatlar:

“Xankəndi və Bakı (!) paket variantından qəti şəkildə imtina edir. Təxminən iki aydan sonra həmsədrlər eyni prinsiplərə əsaslanan yeni, mərhələli plan təqdim edirlər, lakin icranın, belə demək mümkünsə, uzadılmış variantı seçilir.

...Həmsədrlərin bu ardıcıl səyləri fonunda Ermənistan prezidenti (Levon Ter-Petrosyan) sentyabrda (1997-ci ildə) mətbuat konfransı keçirir və Ermənistan tərəfinin beynəlxalq ictimaiyyətin iradəsinə zidd getməsinin nə qədər təhlükəli olduğunu müəyyənləşdirir.

...İrəvanda hakimiyyət uğrunda mübarizə hər saat dərinləşirdi. Ter-Petrosyanın istefasından bir ay əvvəl, yanvarda (1998-ci ildə) İsveçdə ABŞ dövlət katibinin müavini Strobe Talbot, (Rusiya xarici işlər naziri Yevgeni) Primakovla görüşdü. “Köçəryan Ermənistan prezidenti olmaq istəyir. Qarabağ erməniləri maneədir, gəlin bu məsələyə vaxt itirməyək, bunun əvəzinə nə edə biləcəyimizi müzakirə edək”.

...Həmin günlərdə masada Laçın istisna olmaqla, işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılması, tərəflər arasında bölücü xəttin yaradılması variantı var idi - bufer zonası tamamilə yaşayışsız qalmalı və ATƏT qüvvələrinin nəzarəti altında olmalıdır.

...Laçın dəhlizi indiki 5 km deyil, 22 km olmalı idi və Azərbaycan onu ATƏT-ə icarəyə verməli, o da öz növbəsində onu Dağlıq Qarabağ hakimiyyətinin istifadəsinə verməli idi.

Keçmiş Dağlıq Qarabağdakı separatçı rejimin öz bayrağı, gerbi, himni və konstitusiyası olmalı idi. Vətəndaşlar Qarabağ ərazisində hərbi xidmət keçə bilərdi və Azərbaycan ordusunun, təhlükəsizlik qüvvələrinin və polisinin separatçı rejim hakimiyyət orqanlarının icazəsi olmadan Dağlıq Qarabağa daxil olmaq hüququ olmamalı idi.

...Vasitəçilər dəfələrlə vurğulayıblar ki, bu, onların tapa biləcəkləri və tərəflərə təklif edə biləcəkləri ən yaxşı şeydir. Bununla yanaşı, fövqəldövlətlər erməni tərəfinə xəbərdarlıq ediblər ki, həll yolu tapılmasa, Ermənistan inkişaf və çiçəklənmə imkanlarını itirəcək.

Qeyd edək ki, Dövlət Departamentinin Qarabağ danışıqlarına dair gizli sənədləri açıqlaması Azərbaycan-Ermənistan danışıqlarının 3 aydır dalana girdiyi qeyri-müəyyən dövrə təsadüf edir. ABŞ dövlət katibi Entoni Blinkenin qismində bu danışıqları təzədən canlandırmağa çalışır.

Sual yaranır: daha çox erməni tərəfinin və separatçıların ziyanına olan gizli sənədləri üzə çıxarmaqla Amerika hansı məqsədi güdür? Həmin sənədlər müstəsna olaraq 20 illik rusiyayönlü Köçəryan-Sərkisyan xunta rejiminin vaxtına aiddir və qərbyönlü Paşinyana heç bir dəxli yoxdur. O zaman Vaşinqton bununla öz xalqını hələ də sülhə hazırlaya bilməyən Nikol Paşinyanın əlini daxildə gücləndirmək istəyir demək olarmı? Və niyə məhz indi?

Возможно, это изображение 1 человек, стоит и сидит

Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan-Ermənistan danışıqlarında artıq proses dalana dirənib: “Prosesin hər gün daha çox hərbi əməliyyatların bərpa olunacağına apardığı barədə fikirlərə daha çox rast gəlirik. Çünki Ermənistan tərəfi kənar qüvvələrin vasitəsilə sülh danışıqlarını dalana dirəyən vəziyyət yaratdı. Ardınca Avropa İttifaqı və ATƏT-in mülki missiyası adı ilə mülki missiya Ermənistan-Azərbaycan sərhədinə yerləşdirildi. Rusiya isə bundan narazıdır. Ermənistanın bölgəyə kənar qüvvəni yerləşdirməsi Kremldə qəzəb yaradıb. Bundan sonrakı mərhələdə vəziyyət daha da gərginləşəcək. Ermənistan cəzalandırılacaq. Vaşinqton isə sabitliyin pozulmasını istəmir. Belə bir vəziyyətdə Vaşinqton Nikol Paşinyanı qorumağın, Ermənistanı sülh sazişinə razı salmağın yollarını arayır. Ermənistan cəmiyyətində Paşinyanı Qarabağ məsələsində məğlubiyyətin günahkarı kimi görən qüvvələrə Dövlət Departamenti məlum sənədləri açmaqla mesaj göndərməyə çalışır ki, günahkar vaxtilə uyğun şərtlər altında sülh sazişini imzalamayan keçmiş hakimiyyətlərdir, Paşinyan deyil. Radikal revanşist müxalifətin, Robert Köçəryanın rəhbərlik etdiyi klanın Paşinyana qarşı istifadə etdiyi kartı da neytrallaşdırmaq məqsədi güdülür”.

Politoloq vurğuladı ki, Cənubi Qafqazda sülh, sabitlik ABŞ-ın da maraqlarına cavab verir: “Vaşinqton hesab edir ki, Paşinyan hakimiyyətdən uzaqlaşdırılsa, yerinə sırf Rusiyanın adamı hakimiyyətə gətirilə bilər. Həmin qüvvə isə bölgədə sabitliyin tamamilə pozulmasına gətirən siyasət yürüdə bilər. Ona görə də Paşinyanın hakimiyyətdə qalması üçün ABŞ ən müxtəlif addımlar atır. Paşinyana daxildə olan təzyiq vasitələrini zəiflətməkdən ötrü müxtəlif sənədlərin də açıqlanmasına gedilir. Bununla Nikolun daxildə əlini gücləndirmək məqsədi güdürlər. ABŞ eyni zamanda məlum sənədləri indi açmaqla Ermənistan cəmiyyətinə, sülh sazişinə qarşı olan qüvvələrə mesaj verir ki, 1997-98-ci illərdə sülh sazişini imzalamadınız, 2020-ci ildə müharibədə məğlub oldunuz, indi sizə təklif edilən sülh sazişinə razı olmasanız, bir müddət sonra heç indiki şərtlər də olmayacaq və növbəti məğlubiyyəti yaşayacaqsınız və sülhə razılaşmadığınıza yenə peşman olacaqsınız. Paşinyan revanşist qüvvələrə, sülhə qarşı olan ermənilərə qarşı bu açıqlanan sənəddən bir arqument kimi istifadə edəcək. Bir sözlə, ABŞ sülh prosesinə təsir etmək istəyir”.

Digər Xəbərlər
Xəbər Lenti