“Sportinfo”nun əməkdaşı sual verdi, “Neftçi”nin yeni transferi ortaya FAKT QOYDU

7 Yanvar 2022 17:00 Müsahibə 1 627
“Sportinfo”nun əməkdaşı sual verdi, “Neftçi”nin yeni transferi ortaya FAKT QOYDU

“Neftçi” yeni transferi Eddi İsrafilov jurnalistlərin suallarını cavablandırıb.
Bu gün “ağ-qaralar”ın məşqindən əvvəl kamera və mikrofonlar önünə keçən 29 yaşlı yarımmüdafiəçi özü ilə bağlı bir çox qaranlıq məqamların üstünü açıb.

Ən maraqlısı isə "Sportinfo"nun əməkdaşının verdiyi sual zamanı Eddinin əlini telefonuna atması olub.

- Xeyli vaxtdır Azərbaycana gəlmirdin. Yenidən buradasan. Özünü necə hiss edirsən?

- Azərbaycana gəlib “Neftçi”nin şərəfini qoruyacağım üçün şadam. Yaxşı layihədir, bu layihənin iştirakçısı olmaq istəyirəm.

- Yaydan bu yana klubsuz idin. Fiziki durumun nə yerdədir?

- Qarşıda bizi təlim-məşq toplanışı gözləyir. Toplanışdan sonrakı oyuna qədər 100 faiz hazır olacağam.

- Rus və Azərbaycan dillərini nə dərəcədə bilirsən?

- Düzü, Azərbaycan dilini bilmirəm. Amma burada olduğum müddətdə əsas məqsədlərimdən biri Azərbaycan dilini öyrənməkdir. Rus dilinə gəlincə, 4 yaşıma qədər anam mənimlə rusca danışırdı. Ona görə də müəyyən qədər anlayışım var. Sadəcə, çox istifadə etmirəm deyə, yavaş-yavaş unuduram.

– Vətən Müharibəsi dövründə anan Azərbaycan mətbuatına açıqlamasında siyasi məsələlərə qarışmaq istəmədiyini demiş, İspaniyada erməni qonşularının olduğunu bildirmişdi. Və həmin açıqlama sənin “Neftçi”yə keçidin zamanı ciddi narazılıqlara səbəb oldu.

- İndiyə qədər heç vaxt müharibə mövzusunda mətbuata danışmamışam. Anamla bağlı deyilənləri hardan götürüb yazmısınız, bilmirəm. Belə bir şey olmayıb. Olubsa belə, çox istərdim həmin videonu, səs yazısını, yaxud müsahibəni görüb. Bu məlumat birmənalı olaraq yalandır. Müharibə zamanı sosial şəbəkə səhifələrində daim Azərbaycana dəstək olan paylaşımlar etmişəm. Çünki 3-4 yaşıma qədər Azərbaycanda böyümüşəm və bura mənim ana vətənimdir.

- Klubsuz qaldığın dönəmdə təkliflər var idi? “Neftçi”ni seçməyinə nə səbəb oldu?

- Əlbəttə, müxtəlif təkliflər var idi. Amma həmin təkliflər haqda danışmaq istəmirəm. Çünki artıq “Neftçi”nin futbolçusuyam.

- “Neftçi”də oynamaqla yenidən milliyə dəvət olunacağına inanırsan?

- Qarşımda duran əsas hədəflərdən biri “Neftçi”də özümü yaxşı tərəfdən göstərib milliyə qayıtmaqdır. Son vaxtlar millinin toplanış və oyunlarında iştirak etməsəm də, baş məşqçi mənimlə müntəzəm əlaqə saxlayır, maraqlanırdı. Tezliklə formamı bərpa edib, “Neftçi”yə və yığmaya kömək etmək istəyirəm.

- “Neftçi”dən təklif alanda ananın fikri nə oldu? Azərbaycana gəlməyi düşünürmü?

- Anam bu təklifə çox sevindi. Fürsətdən istifadə edib qeyd etmək istəyirəm ki, bu müsahibəni çoxdan gözləyirdim. Dil problemim olduğuna görə bu günə qədər azərbaycanlı jurnalistlərə rahat müsahibə verə bilmirdim. İndi üz-üzə dayanmışıq, sualları cavablandırıram. Yenə deyirəm, müharibə dönəmində ilk gündən sona qədər Azərbaycana dəstək verməyimlə bağlı əlimdə sübutlar var.

- Baxmaq olar?

- (Əlindəki telefonda 2020-ci ilin 29 sentyabrında “instagram”da paylaşdığı şəkli göstərir – H.) Müharibə bitdikdən sonra - 10 noyabr 2020-ci ildə "Qələbə günün mübarək, Azərbaycan. Qarabağ - Azərbaycandır" paylaşımları etmişəm. Yenə də vurğulamaq istəyirəm ki, "Qarabağ - Azərbaycandır!"

- Səninlə bağlı xoşagəlməz hal həm də yığmanın düşərgəsində olduğun zaman mükafat davası etməyinlə bağlı yayılan xəbərdir. Bu barədə nə deyə bilərsən?

- Millinin paltardəyişmə otağında jurnalistlər yox, futbolçular və məşqçilər olur. Bu barədə dəqiq məlumat almaq istəyirsinizsə, həmin vaxt mənimlə oynamış komanda yoldaşlarımdan, yaxud AFFA-nın baş katibi Elxan Məmmədovdan soruşa bilərsiniz. Belə şey olmayıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti