
"Çətin olsa da, qələbə qazandım".
Sportinfo.az xəbər verir ki, bunu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev deyib.
60 kq-da çıxış edən idmançı ilk dəfə bu çəkidə ölkə çempionatında mübarizə apardığını bildirib:
"Beynəlxalq arenada da bu çəkidə debütüm oldu. Ona görə də çətinliklə üzləşdim. Çünki əvvəllər 55 kq-da güləşirdim".
Əliyev yarışa tam hazırlıqlı getdiyini söyləyib:
"Yaxşı təlim-məşq toplanışı keçmişdik. İlk rəqibim daha öncə bir dəfə qalib gəldiyim Türkiyə güləşçisiydi.
Çox güclü rəqib idi, amma 6:5 hesabıyla qalib gəldim. Yarımfinalda Gürcüstan idmançısını 7:1 hesabıyla məğlub etdim.
Finalda İsrail güləşçisiylə qarşılaşdım. Birgə təlim-məşq toplanışlarında çox olmuşuq.
Ona görə də mənim güləş üslubumu yaxşı bilirdi. Buna baxmayaraq, ona da 5:3 hesabıyla qalib gələrək çempion oldum".