“Dinamo”nun ən təhlükəli cəhətlərindən biri topu rəqib meydanında qazandıqdan sonra hücumu sürətləndirməsidir.
Şaparenko, Pixalyonok və Buyalski kimi futbolçular topu rəqib qapısına tərəf qəbul etdikdə müdafiənin arxasına ötürmə vermək və ya cinahlara hücumun davamını çatdırmaq bacarığına malikdirlər.
Mərkəzdə top itkisi
“Qarabağ”ın dayaq zonasında arxası rəqib qapısına tərəf top qəbul edən futbolçu təzyiq altında topu itirsə, “Dinamo” bir neçə saniyə ərzində təhlükəli vəziyyət yarada bilər.
Buna görə Julio Romao, Marko Yankoviç və ya mərkəzdə oynayacaq digər futbolçular topu qəbul etməzdən əvvəl meydanı yoxlamalı, yaxın məsafədə mütləq ötürmə variantına malik olmalıdırlar.
“Qarabağ”ın mərkəz müdafiəçiləri də ötürməni yalnız dayaq yarımmüdafiəçisinin ayağına deyil, onun hərəkət istiqamətinə verməlidirlər.
Əks halda, “Dinamo”nun ön xətti topu alan futbolçunu arxadan sıxışdıraraq təhlükəli top itkisi yarada bilər.
Cinahdan mərkəzə edilən qaçışlar
“Dinamo”nun cinah futbolçuları yalnız meydanın kənarında qalmırlar.
Nazar Voloşin və Andrey Yarmolenko kimi oyunçular top əks cinahda olduqda mərkəzə, xüsusilə rəqibin cinah müdafiəçisi ilə mərkəz müdafiəçisi arasındakı zonaya daxil olurlar.
Yarmolenko artıq əvvəlki illərdəki fiziki sürətə malik olmasa da, cərimə meydançası ətrafında qərarvermə, sol ayaqla zərbə və son ötürmə baxımından hələ də təhlükəli futbolçudur.
Onun sağ cinahdan mərkəzə daxil olaraq sol ayağı ilə zərbə mövqeyi axtarması “Qarabağ”ın xüsusi diqqət yetirməli olduğu epizodlardan biridir.
Elvin Cəfərquliyev və digər cinah müdafiəçiləri rəqibin hərəkətinə görə həddindən artıq içəri çəkilməməlidirlər. Müdafiəçi mərkəzə daxil olduqda, cinahda irəli çıxan ikinci “Dinamo” futbolçusu ötürmə üçün boş qala bilər.
Buna görə cinah müdafiəçisi, mərkəz müdafiəçisi və cinah yarımmüdafiəçisi arasında düzgün kommunikasiya qurulmalıdır.
SPORTİNFO.AZ
