"Kəpəz"in icraçı direktoru: "Mənə deyirlər ki, ayağınız düşərli oldu" - MÜSAHİBƏ

2 Noyabr 2019 11:06 I Divizion 1 371
"Kəpəz"in icraçı direktoru: "Mənə deyirlər ki, ayağınız düşərli oldu" - MÜSAHİBƏ

"Kəpəz"in icraçı direktoru İlqar Nadiri Sportinfo.az-a müsahibə verib.

- Sizi "Kəpəz"ə AFFA icraçı direktor təyin edib. Maraqlıdır, qarşısınıza hansı vəzifələr qoyulub?

- Əsas işimiz "Kəpəz" üçün əlimizdən gələni etməkdir. Tapşırıq ondan ibarətdir ki, istər uşaq futbolu, istərsə də yuxarı yaş qrupları üzrə komandalara diqqət artırılsın. Vəzifəmiz Gəncə futbolunu inkişaf etdirməkdir.

- Sizin təyinatınızdan sonra uşaq futbolunun inkişafı istiqamətində hansı addımlar atılıb?

- Bilirsiz ki, "Kəpəz"də U-15, U-17 komandaları yox idi, onlar bərpa olundu. Meydançalarımız hazır olandan sonra uşaqların məşq etməsi üçün daha yaxşı şərait yarandı. Mövsümün sonunda seleksiya xarakterli məşqlərin sayını artıracağıq ki, yaxşı oyunçuları üzə çıxaraq və komandalara cəlb edək. Futbolumuzun inkişafında onların da öz töhfəsi olsun. Bunları etməsək, yaxşı uşaqlar kənarda qalacaq. Dünənə kimi meydançalarımız yox idi. Artıq var, hazır olmaq üzrədir.

- Gəncə şəhər stadionunun paltardəyişmə otaqları, yeməkxanası bərbad vəziyyətdə idi. Bununla bağlı hansısa işlər görülüb?

- Doğrudan da əsas komandanın soyunub-geyinmə otağı çox pis halda idi. Mən "Kəpəz"ə gələndən sonra həmin otaqlar təmir olundu. Yeməkxana ilə bağlı hələ ki, yeni bir şey yoxdur. Çünki komanda yeməyi bazada yemir. Cəmi 1 aydır təyinat almışam. Zamanla hamısı həll olunacaq.

- "Kəpəz" 9 turdan sonra 15 xalla 5-ci pillədə qərarlaşıb. Komandanın çıxışı sizi qane edir?

- Mən gələnə kimi komanda 4 oyuna 3 xal toplamışdı. Mənim təyinatımdan sonra isə 5 oyunda 12 xal qazanmışıq. Hətta deyirlər ki, ayağınız düşərli oldu. Klubun adını yüksəltməyə, nüfuzunu qaytarmağa çalışacağıq. İşlərimiz bu səpkidə gedir. Klub işi elədir ki, hər şey 3-5 günə düzəlmir. "Kəpəz"in yenidən Premyer Liqada çıxış etməsi üçün əlimizdən gələni edəcəyik.

- Dediz ki, komanda sizin təyinatınıza qədər zəif çıxış edirdi. Siz icraçı direktor olandan sonra nəyi dəyişdiz ki, "Kəpəz" hazırda ilk "beşlik"dədir?

- Komanda yeni yaranmışdı. İstər baş məşqçi, istərsə də futbolçular yeni idi. Artıq hər şey qaydasına düşüb. Nəticələr də göz qabağındadır. Demək istəyirəm ki, işlər düzgün qurulub. Sağlam kollektiv formalaşdırılıb.

- Növbəti mövsümdən Premyer Liqada komanda sayı artırılacaq. "Kəpəz"i də elitada görə biləcəyik?

- Bütün işlərimiz bu istiqamətdə görülür. Hər şey mövsümün sonunda bilinəcək. Burada komandanın nəticələrindən və tutacağı mövqedən də çox şey asılıdır. Çalışırıq ki, "Kəpəz" yüksək liqada iştirak etsin.

- AFFA-dan klub rəhbərliyinə konkret tapşırıq verilib ki, hazırlaşın, komanda gələn mövsüm Premyer Liqada oynayacaq?

- Mən bu barədə tam dəqiq bir söz deyə bilmərəm. Hər şey mövsümün sonunda bilinəcək. İnanıram ki, hər şey istədiyimiz kimi olacaq. Yaxşı komanda qurmağa çalışırıq. Bundan sonrasını zaman göstərəcək. Bəlkə heç 3 aydan sonra mən burada olmayacam. Bilirsiz ki, klub daxilində təyinatlar tez-tez dəyişir. Mən bir gəncəli olaraq, imkanlarım daxilində kluba kömək etmək üçün buradayam.

- Ümumiyyətlə, "Kəpəz" yüksək dəstədə oynamağa hazırdır?

- Həmişə hər zaman Premyer Liqada oynamış nüfuzlu komandadır. Təbii ki, klub elitada oynamağa hazırdır. Müəyyən çatışmazlıqlar var. Onlar da zamanla aradan qaldırılacaq. Stadionun ot örtüyü yenilənib, yüksək səviyyədədir.

- Əlavə yardımçı meydançalarda görülən işlər nə yerdədir?

- İşlər yekunlaşmaq üzrədir. Yəqin ki, həmin meydançalar yaxın günlərdə, daha dəqiq desək, 2 həftə ərzində istifadəyə veriləcək.

- Yaşar Vahabzadə "Kəpəz"ə baş məşqçi təyin olunanda gəncəli futbol veteranları buna sərt reaksiya vermişdilər. Hazırda durum necədir? Aradakı "buzlar" əriyib?

- Mən bu barədə tam dəqiq bir söz deyə bilmərəm. Çünki futboldur, qəbul edən-etməyən var. Hər şey komandanın nəticəsindən asılıdır. Uğurlu nəticələr olanda hamı qəbul edir. Pis oynayanda isə tənqidlər olur. Bu gün üçün komandada işlər yolundadır.

Elnur SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti