"Oyun "alqı-satqı"sı edənin Allah bəlasını versin!" - MÜSAHİBƏ

21 Sentyabr 2019 13:48 I Divizion 4 176
"Oyun "alqı-satqı"sı edənin Allah bəlasını versin!" - MÜSAHİBƏ

19 yaşında Berti Foqtsun dəvətilə milli komandamızda çıxış etmiş, vaxtilə "Qarabağ" və "Qəbələ"də oynamış, indi isə birinci divizionda "Kəpəz"in formasını geyinən 31 yaşlı Nodar Məmmədov Sportinfo.az saytına müsahibə verib.

- Son turda komandanız qərb derbisində “Turan Tovuz”a uduzdu. "Kəpəz" 4 oyundan sonra 3 xal toplayıb. Belə uğursuz start gözləyirdinizmi?
- Ötən mövsümki komanda ilə indiki arasında xeyli dəyişiklik oludu. Digər komandalara baxanda bizim heyət daha gec yığılıb. Cəmi iki yoxlama oyunu keçirmişdik. Komandanın öz oyununu tapması üçün vaxt lazımdır. "Turan Tovuz"la görüşdə ən zəif oyunumuzu göstərdik. Qarşıdakı görüşlərdə daha yaxşı olacağını düşünürəm.

- Hazırda turnir cədvəlində 13 komanda arasında 10-cu pillədəsiniz. Bundan sonra turnir cədvəlində irəliləyə biləcəksiniz?
- Hazırkı mövqeyimiz bizi razı salmır. Ümid edirəm ki, Yaşar Vahabzadə və Vidadi Rzayevin köməkliyi ilə çempionatı yaxşı yerlərdə bitirəcəyik. Buna inanırıq.

- "Kəpəz"in cari çempionatda məqsədi nədir? I divizionun qalibi olmaq şansınız var?
- Yaxşı, döyüşkən komanda formalaşmaqdadır. Niyə də çempion olmayaq? Yaxşı futbolçularımız var. Sadəcə vaxt lazımdır. Bir müddətdən sonra hər şey daha yaxşı olacaq.

- Komandaya maddi vəziyyət necədir? Normal maaş alırsınız?
- Bizim üçün hər cür şərait yaradılıb. Maaşlar isə bütün birinci divizion komandalarında demək olar ki, standartdır. (gülür).

- Söz-söhbət gəzir ki, qarşıdakı mövsüm “Kəpəz” Premyer Liqada mübarizə aparacaq. Rəhbərlik bununla bağlı sizə nəsə deyib?

- Hələ bu barədə söhbətimiz olmayıb. Ancaq çox istərdim ki, “Kəpəz”, “Turan Tovuz” və “Zaqatala” yenidən Premyer Liqaya yüksəlsin.

- Tez-tez deyirlər ki, birinci divizion əsl “bazardır”, oyun alqı-satqısı gedir. Sizin komandada belə şey baş verməyb?
- Bu sualdan heç xoşum gəlmədi. Oyun "alqı-satqısı" edənin Allah bəlasını versin. Biz futbol oynayırıq, məqsədimiz turnir cədvəlində yüksəlməkdir.

- 19 yaşında Berti Foqts səni potensiallı oyunçu kimi milli komandaya cəlb etdi. Yığmada bir neçə oyun keçirdin. Ancaq sonradan karyeranda eniş yaşandı. Bunun əsas səbəbi nə idi?

- Rasim Kara "Qarabağ"da baş məşqçi olanda milliyə dəvət almışdım. Sonra hərbi xidmətə görə MOİK-ə yollandım. O vaxt MOİK zəif çıxış edirdi. Hansı məşqçi hər oyunda 3-4 qol buraxan komandadan milliyə futbolçu çağırar? Əsas səbəb budur.

- “Qarabağ”ın əsas komandasında da çıxış etmisiz. İndi isə I divizion...
- Nə etmək olar, belə alındı? Bu günümüzə də şükür. “Qarabağ”ın indiki çıxışını da izləyirəm. Yerli liqada çox yaxşı təsir bağışlayırlar. 7 ildir “Qarabağ” avrokuboklarda oynayır. Arzu edirəm ki, “Qarabağ” Avropa Liqasında pley-off mərhələsinə yüksəlsin.

Mir BAĞIR

Digər Xəbərlər
Xəbər Lenti