
Boks üzrə milli komandamız Tokio Olimpiadasına məğlubiyyətlə başlayıb.
Hərçənd bu məğlubiyyəti hakimlərin ədalətsizliyi də izah etmək olar.
Dəri əlcəklilərimizdən ilk olaraq rinqə ən yüngül çəkili boksçumuz Tayfur Əliyev (57 kq) çıxıb. O, ilkin mərhələdə Vyetnam təmsilçisi Nquen Van Duonqla qarşılaşıb.
Qarşılaşmanın ilk raundunda Tayfur daha çox xal toplasa da, son saniyələrdə noqdauna düşüb. 2-ci raundda Vyetnam idmançısı hesabı bərabərləşdirib.
3-cü raundda isə 24 yaşlı boksçumuz daha üstün döyüşsə də, yekunda hakimlər qələbəni Tayfurun rəqibinə verib. Hakimlərin qərarını idmançı və məşqçilərimiz təəccüblə qarşılayıb. Bununla da Tayfur Əliyev üçün Tokio-2020 başa çatıb.
Qarşıdakı dəqiqələrdə daha 2 boksçumuz - kubalı legioner Lorenso Sotomayor (69) və dağıstanlı Məhəmməd Abdullayev (+91) ilk görüşlərini keçirəcək.
SPORTİNFO.AZ