Aftandil Hacıyev: "Nə Qurban Qurbanov, nə də mən bu sözlərə layiqik"

1 Dekabr 2019 17:42 Premyerliqa 1 042
Aftandil Hacıyev: "Nə Qurban Qurbanov, nə də mən bu sözlərə layiqik"

"Səbail"-"Neftçi" matçından sonra media nümayəndələri qarşısına çıxan meydan sahibinin baş məşqçisi Aftandil Hacıyev oyun haqda fikirlərini bildirib. Sportinfo.az xəbər verir ki, gənc mütəxəssis komandasının oyunundan razı qalıb.

"Neftçi" ilə qarşılaşmanın çətin keçəcəyini bilirdik. Üstəlik, heyətimizdə itkilər də vardı. Buna baxmayaraq, meydanda istədiyim "Səbail"i gördüm. Oyunun sonlarında penaltidən yararlana bilmədik. Üç xal daha yaxşı olardı. Amma bu gün bir xal qazandığımızı düşünürəm. Çünki "Neftçi" kimi rəqibə qarşı oynadıq.

"Neftçi" azarkeşlərinin "Səbail"i təhqir etməsinə gəlincə, mənə çox təəccüblü görünür. Futbol ictimaiyyəti mənim kimləsə sövdələşməyə getmədiyimi yaxşı bilir. Bizim "Neftçi"dən xal almağımızı "Qarabağ"a kömək kimi qələmə verirlər. Bəli, Qurban Qurbanovla bir yerdə oynamışıq, rəhbərliyi altında çıxış etmişəm. Kimsə nə mənim, nə də Qurbanın adına ləkə gətirə bilər. Heç birimiz bu sözlərə layiq deyilik. Onların rəhbərləri ilə görüşəcəm. Bunu böyütmək istəmirəm. Bu aqressiyanı "Neftçi"dən görürəm. Gənc oyunçularımıza söz atırlar.

Öz oyunumuzu düşünürük. Bizi nə "Qarabağ", nə də "Neftçi" maraqlandırmır. "Qalatasaray" da 8 oyunda qalib gələ bilmir. Bu, böyük komandaların da başına gələ bilər. Bizim heyətimiz zəifdir. Son sırada olmağımız normal haldır. Strategiyamız var. Gənclərə güvənəcəyik. Qarşıma konkret məqsəd qoyulsaydı, bu gün istefa verib gedərdim. Sırf yerli futbolçularına uğur qazanmaq olmaz. Bu, 10-15 il əvvəl olub. İndi belə şey yoxdur. Ancaq həvəsdən düşmürük. Əvvəlki büdcə ilə indiki arasında fərq var. Güclənmək yox, daha çox heyəti qorumaq haqda düşünürük. Rəhbərlik hər şeyin yaxşı olması üçün əlindən gələni edir".

Xəbər Lenti