"Əziyyətim hədər getməyib, bütün gücümü ora saxlamışdım"

22 Fevral 2020 13:12 Tokio-2020 702
"Əziyyətim hədər getməyib, bütün gücümü ora saxlamışdım"

"Fransada qazandığım uğurun davamını “Tokio 2020”də tamamlamağa çalışacam. İnanıram ki, Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında ölkəmə medal qazandıracam".

Sportinfo.az xəbər verir ki, bu sözləri Fransanın Lievin şəhərində keçirilən atletika üzrə beynəlxalq turnirdə “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanan Avropa çempionu Nazim Babayev deyib.

"Fransanın Lievin şəhərində keçirilən atletika üzrə beynəlxalq turnir mənim üçün çox uğurlu oldu. Qarşımıza məqsəd qoymuşduq ki, Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına vaxtından əvvəl vəsiqə qazanaq.

Bu yarışda lisenziya əldə etməyim məsuliyyətimi daha da artırdı. Bu həftə ərzində üç yarışım vardı. Bu, bir atlet üçün çox ağır olsa da bunun öhdəsindən gəlməyi bacardım.

Birinci cəhdimdə 16,84 metr nəticə göstərdim. İkinci cəhdimin uğursuz alınmasına baxmayaraq, üçüncüdə 17,15 metr nəticə göstərərək lisenziya qazandım. Bu uğurum üçün çox sevinirəm.

Yarışlara 3 aydan artıq bir zaman ərzində hazırlaşırdım. Belə düşünürəm ki, əziyyətim hədər getməyib. Baxmayaraq ki, əsas məqsədimiz Çində keçiriləcək dünya çempionatı idi. Təəssüflər olunsun ki, bu yarış koronavirusa görə təxirə salınıb. Əsas gücümü dünya çempionatına saxlamışdım”.

İstanbulda keçirilən Balkan çempionatında qızıl medal qazanan atletimiz deyib ki, Fransadakı turnirdə də gümüş medala sahib olmasından çox məmnundur. “Yarışda topuğumdan zədələnməyimə baxmayaraq psixoloji olaraq bu turnirə hazır olduğum üçün fərqlənməyi bacardım”, - deyə Nazim Babayev əlavə edib.

Xəbər Lenti