“Çelsi”nin sabiq yarımmüdafiəçisi Con Obi Mikel London klubunun rəhbərliyi barədə sərt fikirlər səsləndirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı keçmiş futbolçu, “Çelsi”nin əvvəlki uğurlu dövrünü indiki vəziyyətlə müqayisə edərək, klubun “kimliyini itirdiyini” bildirib:
“Hazırkı sahiblər klubun keçmişini formalaşdıran insanlara və o dövrdə “Çelsi”ni zirvəyə daşıyan sistemə ehtiyac duymur.
Onlar klubun bu gün olduğu səviyyəyə gəlməsində rol oynamış insanları görmək istəmirlər. Bu, düzgün deyil”.
O, “Çelsi”nin əvvəlki uğur modelinin qorunmalı olduğunu vurğulayıb:
“Uğurun davam etməsi üçün klubu necə qurmağı bilən insanlar, bu mədəniyyəti davam etdirəcək şəxslər lazımdır. Amma indi bunu görmürük.
Klubun DNT-si və kimliyi itib. Bu, artıq mənim tanıdığım “Çelsi” deyil. Bu komanda mənim sevdiyim və 11 il forma geyindiyim klub deyil”.
Obi Mikel sonda bildirib ki, tənqidinin məqsədi klubun uğursuzluğunu istəmək yox, əksinə, onun yenidən düzgün yola qayıtmasıdır:
“Sussam, deməli, baş verənlərlə razıyam. Amma bu belə deyil”.

