Azərbaycan futbolunda narkomaniya halları - AFFA və PFL üçün VACİB TƏKLİF!

10:40 İngiltərə 284
Azərbaycan futbolunda narkomaniya halları - AFFA və PFL üçün VACİB TƏKLİF!

Vətəndaşlar işə qəbul edilərkən dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilən tibbi yoxlama haqqında rəy təqdim etməli olacaqlar.

Bu, Milli Məclisin iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər.

Qanun layihəsinə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən işçilər dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə (tibbi yoxlama) haqqında rəy təqdim etməli olacaqlar.

Yuxarıda nəzərdə tutulmuş arayış və rəy olmadan işçinin müvafiq peşə və vəzifəyə işə qəbul edilməsi qadağan ediləcək.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.

Bu, çox düzgün və vaxtında atılmış addımdır. Kaş eyni tədbir futbol sahəsində görülərdi. Çox ehtiyac var buna.

Mən təklif edərdim ki, AFFA və Peşəkar Futbol Liqası (PFL) sözügedən qərarın arxasınca getsin, Nə qədər ki gec deyil, yeniliyin tətbiqinə başlasınlar.

Məsələn, federasiya işə qəbul zamanı potensial namizədləri narkoloji testdən keçirsin.

Bu proses hansısa özəl klinakalarda icra olunmasın, hüquq-mühafizə orqanlarının balansında fəaliyyət göstərən xəstəxanalardan test nəticələrinin gətirilməsi tələb olunsun.

Belə olan halda, həmin testlərin düzgünlüyünə heç bir şübhə qalmaz.

PFL-in işi isə bir qədər çox olacaq, açığı. Ölkə çempionatını təşkil edən qurum eyni tələblə Premyer Liqa, I Liqa və II Liqa klublarının hamısının qapısını döyməlidir.

Tələb qoymalıdır ki, adları qeydiyyata alınan, futbolçular, məşqçilər, rəsmi şəxslər, texniki əməkdaşlar - ümumiyyətlə, kim varsa, bircə-bircə narkoloji testdən keçməlidir.

Analizin cavabı müsbət çıxan oyunçu və məşqçilərin qeydiyyatı ləğv edilməli, əgər həmin şəxslər başqa vəzifə tutursa, onlarla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilməlidir.

Qısacası, proses güc strukturlarının əməkdaşlarının iştirakıyla təmin olunmalıdır. Bu, mümkün saxtalaşdırma hallarının qarşısının alınması baxımından çox vacibdir.

AFFA və PFL təklifimizi dəyərləndirsə, uduzmaz. Hər halda biz də bilirik ki, nə deyirik…

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti