“Liverpul” rəhbərliyi baş məşqçi Arne Slotla bağlı sərt qərar qəbul etmək niyyətində deyil və ona daha bir mövsüm şans verməyə meyllidir.
Sportinfo.az “The Telegraph”-a istinadən xəbər verir ki, niderlandlı mütəxəssisin müqaviləsinin müddəti 2026/27-ci il mövsümünün 30 iyununa qədərdir.
Buna görə də onun gələcəyi üçün həlledici dövr növbəti mövsüm olacaq.
Klubun sahibi olan “Fenway Sports Group” cari mövsümdəki uğursuzluqları yalnız baş məşqçi ilə əlaqələndirmir. Rəhbərlik problemləri bir neçə amillə izah edir:
Mövsümün əvvəlində komandanın yarımmüdafiəçisi Dioqo Jotanın avtomobil qəzasında həyatını itirməsi, Məhəmməd Salahın formasında geriləmə və çox sayda yeni transferin uyğunlaşma dövrü.
“Qırmızılar” hazırda 31 turdan sonra Premyer Liqada 49 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komanda UEFA Çempionlar Liqasının 1/4 finalının ilk oyununda səfərdə PSJ-yə 0:2 hesabı ilə məğlub olub.
Mersisaydlılar daha əvvəl isə İngiltərə kubokunda “Mançester Siti” qarşısında 0:4 hesablı ağır məğlubiyyət alıb.

