İngiltərə Premyer Liqası klubları 2026/27 mövsümündən etibarən ciddi maliyyə itkisi ilə üzləşə bilər.
Qərara əsasən, həmin mövsümdən çempionat iştirakçılarına bukmeker və ya kazino şirkətlərini titul sponsoru kimi təqdim etmək qadağan olunacaq.
Bununla belə, bu qadağa reklamın digər formalarına – şortlar, forma qolları, stadion bannerləri, ekranlar və televiziya reklamlarına şamil edilməyəcək.
Hazırda İngiltərə çempionatında 11 klub – “Aston Villa”, “Bornmut”, “Brentford”, “Bernli”, “Kristal Pelas”, “Everton”, “Fulhem”, “Nottingem Forest”, “Sanderland”, “Vest Hem” və “Vulverhempton” titul sponsoru kimi məhz bukmeker şirkətləri ilə əməkdaşlıq edir.
Bu klublardan yalnız “Bornmut”, “Brentford”, “Everton” və “Fulhem” artıq növbəti mövsüm üçün yeni titul sponsoru tapa bilib. Qalan 7 klub isə hələ də bu istiqamətdə axtarışlarını davam etdirir.
Sportinfo.az “The Guardian”-a istinadən xəbər verir ki, bu qadağa nəticəsində Premyer Liqa klublarının ümumi itkiləri 80 milyon funt sterlinqə qədər çata bilər.
Mərc şirkətlərinin bazardan çəkilməsi artıq mövcud olan maliyyə uçurumunu daha da dərinləşdirəcək və bu, “böyük altılıq”la digər klublar arasındakı fərqi daha da artıracaq.

