“Mançester Yunayted”in sabiq baş məşqçisi Ruben Amorimin işdən çıxarılması klub üçün maliyyə baxımından böyük yük yaradıb.
Amorim və onun köməkçi heyəti bu ilin yanvarında “qırmızı şeytanlar”ı tərk edib.
“Nyu-York Fond” birjasına təqdim olunan hesabatda potensial ödənişlərin detalları açıqlanıb.
Belə ki, ikinci rübdə (31 dekabr 2025-ci ilədək) klub 32,6 milyon funt-sterlinq gəlir əldə etdiyini təsdiqləyib, ancaq Amorimlə bağlı ödənişlər hesabatdan sonra baş verən “hadisə” kimi qeyd olunub.
Sportinfo.az klubun açıqlamasını təqdim edir:
“6,3 milyon funt-sterlinq Amorimin “Mançester Yunayted”dən əvvəlki klubu Lissabon “Sportinq”inə ödənilib.
15,9 milyon funt-sterlinq maksimum potensial ödəniş olaraq nəzərdə tutulub, hansı ki, Amorim yeni işə başlamadığı halda tam miqdarda həyata keçə bilər.
Əvvəlki sənədlərə görə, Amorimin təyinatı üçün “Sportinq”ə ödənilən məbləğ 10 milyon funt-sterlinq olub, Erik Ten-Haqın (əvvəlki baş məşqçi) gedişi isə 10,4 milyon funt-sterlinq qiymətləndirilmişdi. Beləliklə, “Amorim xərcləri” ümumilikdə təxminən 37,3 milyon funt-sterlinq təşkil edə bilər”.
“Mançester Yunayted” portuqaliyalı mütəxəssisin rəhbərliyi altında keçirdiyi 63 oyunda 25 qələbə qazanıb və Premyer Liqada turnir cədvəlində 15-ci yeri tutub. Bu, klubun 1973/74 mövsümündən bəri ən pis nəticəsi olub.

