“Liverpul”un baş məşqçisi Arne Slot komandasının hazırkı kadr vəziyyəti ilə bağlı açıqlama verib. Niderlandlı mütəxəssis bəzi futbolçuların durumuna aydınlıq gətirib.
Sportinfo.az xəbər verir ki, Slot, Ceremi Frimponqun həftə ərzində bir neçə dəfə komanda ilə məşq etdiyini və qarşıdakı oyunda iştirak etməyə hazır olduğunu bildirib:
“Frimponq bu həftə bizimlə bir neçə dəfə məşq edib. Ona görə də o, oynaya bilər. Amma Florian Virts oyunda iştirak etməyəcək.
Bu, məyusedicidir. Hər dəfə hansısa futbolçu oynaya bilməyəndə mənim üçün bu, məyusluq yaradır. Virtsin nə vaxt qayıdacağını isə hazırda bilmirəm.
Adətən, belə deyəndə əslində hər şeyi bilirdim, sadəcə paylaşmaq istəmirdim. Amma bu dəfə doğrudan da, məlumatım yoxdur”.
Virts ötən tur “Nottingem Forest”lə oyundan əvvəl isinmə zamanı zədələnib.
“Liverpul” sabah İngiltərə Premyer Liqası çərçivəsində “Vest Hem”i qəbul edəcək. Bu matç komandanın turnir cədvəlində mövqeyini yaxşılaşdırmaq baxımından böyük əhəmiyyət daşıyır.

