“Çelsi”nin sabiq müdafiəçisi Con Terri əsas komandanın məşqçilər heyətinə daxil edilməməsindən narazı qalıb.
O, sabiq baş məşqçi Enzo Mareskanın istefasından sonra yaranan dəyişikliklər fonunda özünə şans verilməməsinin onu məyus etdiyini bildirib.
Terri qeyd edib ki, o, artıq klubun gənclər komandasında çalışdığı üçün əsas heyətin müvəqqəti məşqçi qərarlarında iştirak etməyi gözləyib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Terri, gənclər komandasının çalışdırıcısı Kalm Makfarlaynın komandaya rəhbərlik edərək yaxşı nəticələr göstərdiyini bildirib və bu prosesdə özünün də yer ala biləcəyini düşünürmüş:
“Qəzəbli deyiləm, sadəcə məyusam. Mən gənclər komandasında işləyirdim və hesab edirəm ki, bu qərarın bir hissəsi olmalı idim”.
Terri əlavə edib ki, klub rəhbərliyinin qərarına hörmətlə yanaşır:
“İnsanlar qərar verməlidir və açıq şəkildə “bəli” və ya, “xeyr” deməlidirlər. Görünür, rəhbərlik və ya idman direktorları hansısa səbəbdən məni seçmədilər. Bunun səbəbini isə bilmirəm”.
“Çelsi” müvəqqəti olaraq Makfarlaynın rəhbərliyi altında çıxış etdikdən sonra baş məşqçi postuna Liam Rosenior təyin olunub.

