“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Mançester Yunayted” və “Çelsi” azarkeşlərinin çempionluq yarışında “Mançester Siti”yə üstünlük verməsi ilə bağlı suala münasibət bildirib.
“Qırmızı şeytanlar” və “Çelsi” tərəfdarlarının böyük əksəriyyətinin “Mançester Siti”nin titul qazanmasını istədiyi və “topçular”a dəstək vermədiyi deyilir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, buna baxmayaraq, çempionluğa doğru getdiklərini söyləyib:
“Onlar istədikləri komandanı dəstəkləyə bilərlər, bu, mənim üçün problem deyil. Hazırda biz çempionluğa doğru gedirik və nə olacağını zaman göstərəcək.
“Mançester Yunayted” və “Çelsi” azarkeşlərinə tövsiyəm odur ki, başqa klub üçün narahat olmaq əvəzinə, öz komandalarının ilk “dördlük” uğrunda mübarizəsinə fokuslansınlar”.
“Arsenal” Premyer Liqada 28 oyundan sonra topladığı 61 xalla turnir cədvəlinə başçılıq edir. “Mançester Siti” onlardan 5 xal geri qalır, ancaq “şəhərlilər”in ehtiyatda bir oyunu var.

