"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimarayeş uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Sportinfo.az xəbər verir ki, müayinə nəticəsində 28 yaşlı braziliyalı futbolçunun sol budundan ciddi zədə aldığı aşkar olunub.
İngiltərə Premyer Liqasının XXVI turunda "Tottenhem"lə matçda (2:1) zədələnən futbolçu bu səbəbdən iki ay komandasına kömək edə bilməyəcək.
Yaxın vaxtlarda Gimarayeşin müalicə üçün vətəninə yollanacağı bildirilib.
B.Gimarayeş cari mövsümdə "Nyukasl"ın heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
"Qarabağ" və "Nyukasl" arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

