“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl”da işləri yolunda getmir.
Sportinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Eddi Hou son vaxtlardakı uğursuz nəticələrə münasibət bildirib.
Çalışdırıcı bütün turnirlər daxil olmaqla son 5 matçda qələbə qazana bilməmələrini yorğunluqla əlaqələndirib. O, bir neçə cəbhədə mübarizə aparmağın çətinliyini etiraf edib:
“4 turnirdə yer almışdıq və birində mübarizəni dayandırdıq. Bəzi oyunçularımız yorğun oynamalı olurlar və çoxlu zədəlilərimiz var.
Amma daha yaxşı çıxış etməli, tam məsuliyyət daşımalıyıq. Bu, qalibiyyət yox, mentalitet məsələsidir.
Buna görə də özümüzə baxmalı və əsl xarakter, güc göstərməliyik. Premyer Liqada, Çempionlar Liqasında və Federasiya Kubokunda qələbələr qazanmaq üçün əlimizdən gələni etməliyik.
Bizi qarşıda sıx təqvim gözləyir. Xüsusən də avrokubokda yolumuza davam etmək istəyiriksə, toparlanmaqdan başqa yolumuz yoxdur”.
"Qarabağ”la “Nyukasl” arasında oyunlar fevralın 18-də Bakıda, 24-də isə Nyukaslda keçiriləcək.

