“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeş cari mövsümün sonunda klubunu dəyişə bilər.
“Sağsağanlar” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 11-ci pillədə qərarlaşıb və növbəti mövsüm UEFA Çempionlar Liqasından kənarda qalmaq riski ilə üz-üzədir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun klub rəhbərliyi ilə şifahi razılaşması var.
Belə ki, Çempionlar Liqasında çıxış edən hansısa bir klub “Nyukasl”a 80 milyon funt sterlinq (təxminən 92 milyon avro) məbləğində təklif göndərərsə, Gimarayeşin transferinə mane olunmayacaq.
28 yaşlı yarımmüdafiəçi üçün əsas namizəd “Mançester Siti”dir. Daha əvvəl futbolçu ilə adı hallanan “Mançester Yunayted” isə bu yarışda geri planda qalır.
Gimarayeşin klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Onun komandası Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, fevralın 18-də “Qarabağ”ın qonağı olacaq. Cavab matçı fevralın 24-də İngiltərədə keçiriləcək.

