“Nyukasl”ın baş məşqçisi Eddi Hou komandanın son nəticələri barədə fikirlərini açıqlayıb.
Sportinfo.az “sağsağanlar”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli çalışdırıcı məğlubiyyətin çox ağır hiss olduğunu deyib:
“Məğlubiyyət çox ağır hissdir. Onu qəbul etmək, yenidən düşünmək və ondan dərs çıxarmaq lazımdır. Biz bunu mümkün qədər tez etməyə çalışırıq”.
Onun sözlərinə görə, “indi əsas məqsəd futbolçuların növbəti oyuna pozitiv əhval-ruhiyyə ilə hazırlaşmasıdır, baxmayaraq ki, bu asan olmayacaq”.
“Nyukasl” İngiltərə kubokunun yarımfinalında “Mançester Siti”yə uduzaraq (1:3, ilk oyunda 0:2) finala çıxa bilməyib.
Komanda bütün turnirlər üzrə son 4 oyunda qələbə qazana bilməyib və bu müddətdə 3 məğlubiyyət alıb.
Hounun yetirmələri Premyer Liqanın növbəti turunda “Brentford”u qəbul edəcək.
“Nyukasl” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, fevralın 18-də “Qarabağ”ın qonağı olacaq. Cavab matçı fevralın 24-də İngiltərədə keçiriləcək.

