“Vest Hem” yarımmüdafiəçi Lukas Paketanın Braziliyanın “Flamenqo” klubuna keçdiyini rəsmən açıqlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Rio-de-Janeyro təmsilçisi bu transfer üçün 42 milyon avro ödəyəcək.
Tərəflər arasında danışıqlar olduqca uzun və mürəkkəb prosesdən keçib. Görüşlər dekabrın 23-də başlayıb, Milad bayramı dövründə davam edib və yalnız dünən yekunlaşıb.
İlkin mərhələdə “Vest Hem” Paketa üçün 60, yanvarın əvvəlində isə 50 milyon avro tələb edirdi.
Razılaşmaya əsasən, transfer məbləği bir neçə hissə ilə və 2028-ci ilə qədər ödəniləcək.
Maraqlıdır ki, “Flamenqo” Paketanı aldıqdan sonra mövsümün sonuna qədər onu icarə əsasında yenidən “Vest Hem”də saxlamağa da razı idi.
Braziliyalı yarımmüdafiəçi 2022-ci ildə “Lion”dan 43 milyon avro qarşılığında “Vest Hem”ə transfer olunmuşdu. O, cari mövsümdə bütün turnirlərdə 19 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.

