“Liverpul” hazırda baş məşqçi Arne Slotu istefaya göndərməyi planlaşdırmır.
Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, “qırmızılar”ın növbəti mövsüm Çempionlar Liqasında iştirakı hələ də sual altında olsa da və mediada niderlandlı mütəxəssisin mümkün gedişi ilə bağlı şayiələr dolaşsa da, klub rəhbərliyi Slota dəstəyini davam etdirir.
Slotun üzərində təzyiq artsa da, bu, hələlik kritik həddə çatmayıb. “Liverpul” rəhbərliyi “Mançester Yunayted”in Ruben Amorimi, “Çelsi”nin isə Enzo Mareskanı istefaya göndərməsi nümunəsini təkrarlamaq niyyətində deyil.
47 yaşlı mütəxəssisin klubun idman direktoru Riçard Hyuzla münasibətləri olduqca yaxşıdır və məhz bu amil onun mövqeyini daha da möhkəmləndirir.
Hazırkı mərhələdə onun qovulması “Liverpul”un gündəmində yer almır. Slotun komandası dünən Çempionlar Liqasının 8-ci turunda “Qarabağ”ı məğlub edib – 6:0.

