“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand keçmiş komandasının baş məşqçisi Maykl Karriki dəstəkləyib.
Karrik “sükan arxasına” keçdikdən sonra iki oyunda “Mançester Siti”ni 2:0, “Arsenal”ı isə 3:2 hesabı ilə məğlub edib.
Sportinfo.az xəbər verir ki, Ferdinand “Rio Reacts” podkastında Karrikə qarşı tənqidlərin hörmətsizlik olduğunu bildirib:
“Mənə deyirlər ki, Karrik nə etsə də, “Mançester Yunayted”i idarə etməyə layiq deyil. Halbuki, iki həftə əvvəl vəziyyət bərbad idi. Komanda tənqid və istehzaya tuş gəlmişdi – tam fiasko idi.
Karrik gəldi, uzun plaşını geyindi və dedi: “Gəlin, mənim arxamca gəlin. Biz mövcud oyunçularımızla uyğun struktur quracağıq.
Bizə qarşı oynamaq çətin olacaq. Səylə çalışacağıq. Yeri gəlmişkən, ilk iki oyunumuz “Mançester Siti” və “Arsenal”a qarşı olacaq”.
Və o, altı xal topladı!
Amma indi deyirlər ki, Karrik nə etsə də, ona şans verməməlidirlər. Bu necə ola bilər? İnsanlar bunu haradan götürür?
Bu, inanılmaz hörmətsizlikdir. Demək bu adam nə etsə də, “Mançester Yunayted”i idarə etməyə layiq deyil? Hansı əsasla belə deyirsiz? Dəhşətdir”.
Karrik barədə tənqidçilər isə bildirirlər ki, “Mançester Yunayted”ə daha güclü və nüfuzlu məşqçi lazımdır, iki oyunda hər kəs qalib gələ bilər.
Ferdinand isə bunu qəbul etmir və Karrikin uğurunu yüksək qiymətləndirir.

