“Mən də Azərbaycanda imkanlı klubda oynasaydım… Hamı Ramazanova işləyirdi”

16 Yanvar 2022 16:40 Hadisə 1 539
“Mən də Azərbaycanda imkanlı klubda oynasaydım… Hamı Ramazanova işləyirdi”

“Azərbaycana gedənə qədər iki dəfə Burkino Fasoda bombardir olmuşdum, bir dəfə də Qabonda ikinci ən məhsuldar futbolçu adını qazanmışdım”.

2003-2007-ci illər aralığında ölkəmizdə legioner həyatı yaşamış İssa Nikiema Sportinfo.az-a açıqlamasında Azərbaycanda ən sərrast futbolçu adına yiyələnə bilməməsindən danışıb.

Burkino Fasodan olan hücumçu 2004/05 mövsümündə bu adı qazanmağa çox yaxın idi.

“Gənclərbirliyi”nin heyətində mövsüm ərzində 16 qol vurmağı bacarsa da, yekunda “Karvan”ın forvardı Zaur Ramazanov 21 qolla ən yaxın izləyicilərini üstələməyi bacarmışdı.

İssa həmin dövrü bu cür xatırlayır:

“Həmin mövsüm mənim üçün unudulmazdır. Ortabab komandanın heyətində çıxış etməklə Premyer Liqada 16 qol vurmaq çoxlarına qismət olmur.

Amma mən bunu çətin də olsa bacarmışdım. Ramazanov yaxşı futbolçu idi, cəld, sürətli, hər iki ayağı işlək.

Amma bombardir olmasının əsas səbəbi oynadığı komandanın maliyyə imkanları idi. O vaxt həmin komandada (“Karvan”da – H.) güclü yerli və əcnəbi futbolçular cəmləşmişdi, çempionluğa oynayırdılar. Bütün komanda ona işləyirdi.

Amma mənim oynadığım “Gənclərbirliyi”ndə belə deyildi. İmkanlı komandada oynasaydım, mən də Azərbaycan çempionatının bombardiri ola bilərdim”.

İssa Nikiema Azərbaycanda top qovduğu dönəmdə “Gənclərbirliyi” ilə “Turan”ın şərəfini qorumaqla 78 oyunda rəqib qapılarından 33 qol keçirib.

2005-ci ildə “Neftçi”nin futbolçusu kimi iştirak etdiyi “Birlik kuboku”nda isə 3 matçda 1 dəfə fərqlənib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti