Elmar Baxşıyev ötən mövsümün sonuna 7 tur qalmış "Araz Naxçıvan"ın baş məşqçi postuna təyinat aldı.
Muxtar respublika təmsilçisi onun rəhbərliyi altında çıxdığı qarşılaşmalarda yalnız 1 qələbəyə sevinə bildi.
Amma mövsümün sonu klub rəhbərliyi nəticələr ürəkaçan olmasa da onunla yeni anlaşma imzalamağa qərar verdi.
Və bu gün arxada qalan 8 tur göstərir ki, təcrübəli mütəxəssislə anlaşmaq doğru addım imiş.
Görəsən, o dönəm nəticələr yaxşı olmadığı halda, klub rəhbərliyini Elmar Baxşıyevlə yeni müqavilə imzalamağa ümidləndirən nə olub?
Qeyri-rəsmi olaraq "Araz Naxçıvan"da əsas söz sahibi olan Naxçıvan Futbol Federasiyasının rəhbəri Zaur Axundov Sportinfo.az-a açıqlamasında bunları deyib:
"Elmar müəllimi uzun müddətdir tanıyıram. Həm futbolçu, həm də məşqçi kimi bacarıqlıdır.
Böyük komandada işləyib. Söhbət əsnasında fikirlərimiz üst-üstə düşdü.
Elmar müəllimin fərqli baxdığı məsələlər də oldu. Təbii ki, biz də onun taktiki düşüncəsinə, kadrlarla bağlı seçimlərinə və seleksiya işinə qarışmadıq.
Müstəqillik verdik. Elə belə də olmalıdır.
Düzdü, Elmar müəllimlə müqavilə bağlamışıq, amma mən heç vaxt sənədlə işləyən adam olmamışam. O, 10 illik müqavilə istəsə, yenə bağlayarıq (gülür).
Əsas olan 90 dəqiqədən sonra tabloda olan nəticədir. Baş məşqçimizə inanıram. Ümid bəsləyirəm ki, Naxçıvan komandası sonda uğurlu nəticə göstərəcək".
XANOĞLAN