"Az oynamağıma görə narahatam" - KƏRİM DİNİYEV

25 Noyabr 2019 19:40 Sabah 1 072
"Az oynamağıma görə narahatam" - KƏRİM DİNİYEV

“Sabah”ın müdafiəçisi Kərim Diniyev Sportinfo.az-a müsahibə verib:

- “Səbail”lə görüşdə “Sabah” 3 xal qazandı. Halbuki son dəqiqələrə kimi uduzurdunuz. Necə oldu ki, geridönüş etdiniz?
- "Səbail” 7 oyun idi ki, qələbə qazana bilmirdi. Bilirdik ki, öz meydanlarında bizimlə görüşdə “qara zolaq”dan çıxmağa çalışacaqlar. Ancaq hədəfimiz üç xal idi. Düzdür, çətin oyun oldu. Əsas odur ki, 3 xal qazana bildik.

- Son 3 dəqiqədə nəticəni necə dəyişə bildiniz?
- Bunu xarakter sayəsində bacardıq. Qələbəyə inam böyük idi. Buraxdığımız qol da kuryoz oldu. Ancaq ruhdan düşmədik və ardıcıl qollar vurduq.

- "Sabah” hazırda turnir cədvəlinin altıncı pilləsindədir. Yəqin ki, nəticələrdən razı deyilsiniz?
- Əlbəttə, gözlədiyimiz və istədiyimiz nəticə deyil. Gözlənilməz məğlubiyyətlər oldu və yersiz xallar çox itirdik. Ancaq hələ heç nə bitməyib. Xal fərqi elə də çox deyil.

- Çoxları “Sabah”ın üst pillələrdə olacağını gözləyirdi. Bu psixoloji təzyiq yaratmadı ki?

- Çempionatdan əvvəl özümüz də belə düşünürdük, gözləntilərimiz çox idi. Sadəcə yeni transferlər və legionerlərin adaptasiyası bir az uzun çəkdi. Uyğunlaşmada bir az problem yaşadıq. Əcnəbilər üçün mühit, atmosfer, mentalitet yeni idi. Bunlar hamısı başadüşüləndir. Bunu bəhanə etmirəm, həm də artıq irəli baxmaq lazımdır.

- Komandanın forvardı Ulisse Diallo bildirib ki, xətlərarası anlaşma yaxşı deyildi. Belə bir problem var?
- Legionerlərin hərəsi bir ölkədəndir. Düzdü, futbolun dili birdir və hər yerdə belədir. Ancaq istər-istəməz komandanın formalaşması üçün bir qədər zamana ehtiyac duyulur.

- Qarşıdakı turda rəqibiniz “Qarabağ”dır. Bu matçda qələbə qazanmaq ehtimalınız nə qədərdi?
- Son turda “Sumqayıt” göstərdi ki, məğlubedilməz rəqib yoxdu. Biz də əlimizdən gələni edəcəyik ki, üç xal qazanaq.

- "Qarabağ” sizinlə oyundan əvvəl “Sevilya” ilə qarşılaşacaq. Ağdam klubu yəqin ki, yorğun olacaq.
- İlk növbədə Avropa Liqasında “Qarabağ”a uğurlar arzu edirəm. Ümid edirəm ki, “Qarabağ” İspaniyadan xalla qayıdar. Düşünmürəm ki, “Qarabağ” kimi komanda üçün 3-4 gündən bir oyun keçirmək ciddi problem olsun. Onlar artıq buna öyrəşiblər.

- Bir ara komandadan ayrılacağın deyilirdi. Hətta qışda “Sabah”ı tərk edərək başqa kluba keçəcəyin gözlənilirdi.
- Mövsümün sonuna qədər müqaviləm var. Hazırda yalnız qarşıdakı oyunu düşünürəm. Amma az oynamağıma görə narahatam. Bu baş məşqçinin verdiyi qərardır. Ona da hörmətlə yanaşıram. Səhvi özümdə axtarmalıyam. Ümid edirəm ki, hər şey yaxşı olar.

MİRBAĞIR CƏFƏRLİ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”