“Neftçi”də qalmaq istəyirdimsə, başqa kluba necə keçə bilərdim?" - MÜSAHİBƏ

4 Noyabr 2019 16:02 Neftçi 1 741
“Neftçi”də qalmaq istəyirdimsə, başqa kluba necə keçə bilərdim?" - MÜSAHİBƏ

Vaxtilə "Dinamo"da (Buxarest) oynamış Leonard Naydin 2009-cu ildə “Neftçi” ilə müqavilə imzalamışdı.

Rumıniyalı yarımmüdafiəçi 1 illik uğursuz Azərbaycan karyerasından sonra ölkəmizi tərk etmişdi. Karyerasını bitirdikdən sonra məşqçi kimi fəaliyyət göstərən 40 yaşlı veteran futbolçu Sportinfo.az-a müsahibə verib:

- Azərbaycan futbolunu izləyirsən, yoxsa sənin üçün maraqsızdır?
- Xeyr, maraqsız deyil. Arada Azərbaycan çempionatını izləyirəm. Məncə, səviyyə də yaxşıdır.

- "Neftçi”dəki vaxtlarını necə, xatırlayırsan?
- "Neftçi”dəki çıxışımı çox yaxşı xatırlayıram. Bu komandada uzun müddət oynamadığıma görə çox pis olmuşdum. Azərbaycan və "Neftçi"ni çox sevirdim. Hər zaman həm ölkəniz, həm də "Neftçi" haqda xoş sözlər deyirəm hər yerdə.

- Komandada möhkəmlənə bilməmiş, bir ildən sonra ayrılmışdın. Səbəb nə idi?
- Əgər biz avrokuboklara vəsiqə qazansaydıq, bəlkə bütün oyunçular komandada qalacaqdı. Sadəcə, biz bunu bacarmadıq. Mən özüm də komandada qalmalıydım. Amma nə olduğunu anlamadım.

- "Neftçi” uzun illərdir ki, çempion ola bilmir. Son turda da çempionluq uğrunda əsas rəqibi olan “Qarabağ”a qalib gələ bilmədi. Həmin oyundan xəbərdarsan?
- Bəli, xəbərim var. Oyunu özüm də izlədim. Matç 0:0 hesabı ilə başa çatsa da, “Neftçi”nin yaxşı oynadığını deyə bilərəm. “Qarabağ” Avropada yaxşı çıxış edir. Qrup mərhələsində də oynayırlar.

- "Neftçi”də hər hansı dəyişiklik görürsən?
- Azərbaycan futbolunu izləyirəm, “Neftçi” ilə maraqlanıram. Amma düzünü desəm, orada nələrin dəyişdiyini bilmirəm. Prezident kimdir, sponsor yenə SOCAR-dır? Hər halda "Neftçi"nin uğurlu çıxış edəcəyinə inanıram.

-- Son 6 ilin çempionu “Qarabağ”dır...
- "Qarabağ” bu mövsümdə də çempion olarsa, mənim üçün tarix dəyişməyəcək. Mənə görə Azərbaycanın ən böyük klubu “Neftçi”dir, belə də qalacaq.

- "Neftçi” “Qarabağ”dan nə az-nə çox 8 xal geri qalır. Səncə, sabiq komandan “Qarabağ”ı qabaqlayıb çempion ola bilər?
- Hazırda Azərbaycan çempionatında bir çox komandaları görə bilmirəm. Məsələn, əvvəl “İnter”, “Xəzər Lənkəran”, “Qəbələ” komandaları var idi. İndi yalnız “Qəbələ”nin adını görürəm. Digərləri adını dəyişib, yoxsa fəaliyyətini dayandırıb?

- "Xəzər Lənkəran” fəaliyyətini dayandırıb, “İnter”in yeni adı isə “Keşlə”dir....
- Pul problemdir? Axı “Xəzər Lənkəran”ın böyük pulları var idi. Onların çox gözəl stadionu və çılğın azarkeşləri var idi. Orada oynamaq həqiqətən çox gözəl alınırdı.

- "Neftçi” və “Xəzər Lənkəran” arasında keçirilən oyunları xatırlayırsan, bol qollu və daha çox gərginliyi ilə yadda qalırdı...
- "Xəzər Lənkəran”a qarşı dörd oyun oynadıq, hamısı da 0:0 bitdi(gülür). Bütün oyunları xatırlayıram. Amma bir oyunu daha yaxşı xatırlayıram. Hakim oyunu 87-ci dəqiqədə saxladı və biz bir saat paltardəyişmə otağında gözlədik. İstənilən halda Lənkərandakı səfər oyunları əla atmosferdə keçirdi.

- Bir ara Azərbaycana rumıniyalı futbolçuların axını var idi. Amma son vaxtlar belə deyil...
- İndi Rumıniyada bir çox klub legionerlərlə yanaşı əsas heyətdə gənc yerliləri oynadır. Böyük komandalar da özünü göstərən həmin gəncləri transfer edir.

- "Neftçi”də yaxşı pullar qazana bilmisən?
- Mən “Neftçi”də cəmi bir il oynadım. Düzdür, yaxşı pullar var idi. Ancaq inanın ki, heç vaxt pul mənim üçün birinci yerdə dayanmayıb.

- "Neftçi”nin səninlə müqavilə imzalamamasının əsas səbəbi nə idi?
- Mövsüm sonunda biz müqavilə imzalamalıydıq. Mən və mənimlə birlikdə 3-4 oyunçuya dedilər ki, 100 faiz komandada qalırıq. Fasilə vaxtı ailəmin yanına istirahət getdim, Bakıya dönüş biletim də var idi. Prezident və baş məşqçi dedi ki, (Sadıq Sadıqovla Arif Əsədovu - red.) hər şey qaydasındadır, “Neftçi”də oynayacam. İstirahət başa çatdı və mən Bakıya qayıtmağa hazırlaşanda, tərcüməçi mənə zəng etdi və bildirdi ki, “Neftçi” daha məni istəmir. Halbuki qayıtmalıydım, bütün əşyalarım da Bakıdakı evdə idi. Həmin anda nə prezident, nə də baş məşqçi mənimlə danışdı. Onlar həmin vaxtı gizləndilər, səbəbini isə bilmirəm. Klubda işləyən hər kəsə hörmətlə yanaşıram. Məni başqa Azərbaycan klubu da istəyirdi. Başqa komandaya keçə bilərdim, sadəcə “Neftçi”də başıma gələnlərə görə özümü çox pis hiss edirdim.

- Səni istəyən digər Azərbaycan klubu hansı idi?
- Bu o qədər də önəmli deyil. Mən sadəcə “Neftçi”də qalmaq istəyirdim. “Neftçi”də qalmaq istəyirdimsə, başqa kluba necə keçə bilərdim? Məni istəyən klub da yaxşı imkanları var idi. Bütün olanlara baxmayaraq, “Neftçi” haqda fikrim hər zaman müsbətdir, mən indi bu klubun azarkeşiyəm.

Mir BAĞIR

Digər Xəbərlər
Xəbər Lenti