Qriqorçukun “Neftçi”də uğur qazanmasına əngəl ola biləcək ADAMLAR

13 İyul 2024 17:00 Neftçi 5 165
Qriqorçukun “Neftçi”də uğur qazanmasına əngəl ola biləcək ADAMLAR

Roman Qriqorçukun «Neftçi»yə təyinatından günlər keçib.

«Beynəlxalq tədbirdə iştirak» (?!) adıyla Ukraynadan Azərbaycana gələn və 2 illik müqaviləyə imza atan mütəxəssis hazırda komandayla birgə Türkiyədədir.

Ondan gözləntilər çoxdur. Heç şübhəsiz, vaxtilə «Qəbələ»də qazandığı tarixi nəticələrə görə.

Əyalət təmsilçisini iki dəfə Avropa Liqasının qrup mərhələsinə daşımış Qriqorçuk o tarixi «Neftçi»yə də yaşatsa, yəqin ki, bakılı azarkeşlər klubun bazası önündə ona heykəl qoyulmasını rəhbərlikdən tələb edəcək.

Yəni ki, Qriqorçukdan umulan uğurlar kifayət qədər böyük və genişdir. Buna nail olmasını biz də çox arzulayırıq.

Hər halda «Neftçi» Azərbaycanın ən qocaman camiəsidir və futbolda indiyədək qədər az-çox nə əldə etmişiksə, onun bir hissəsi bu klubun adıyla bağlıdır.

Bir sıra ilklərə imza atmış «Neftçi»yə Qriqorçukun yeni nəfəs verməsi, əvvəlki şöhrətini ona qaytarması ölkənin futbol həyatını təkrar canlandıracaq, rəhabət mühitini gücləndirəcək, bizə maraqlı və gərgin Premyer Liqa mövsümü izlətdirəcək.

O, «Qəbələ»də sərbəst idi. Əlinin üstündü əl, gözünün üstündə göz yox idi.

Qriqorçukun hər istəyi qarşılanırdı. «Olmaz» sözünü eşitmirdi.

Nə deyirdi, nə istəyirdi, edilirdi. Adamı çox çək-çevirə salmırdılar.

Hansı futbolçuya barmaq uzadırdısa, alırdılar. Əlqərəz, Tale Heydərov bütün səlahiyyətləri ukraynalıya vermişdi.

O puldan indi «Neftçi»də də var. Hələ ondan da çox. Şərait və təminat baxımından «Neftçi» həmin «Qəbələ»dən daha irəlidədir.

Sadəcə və sadəcə…

«Qəbələ»də bir Tale Heydərov və uzaqbaşı, Fariz Nəcəfov var idisə, bu «Neftçi»də «bir»lərin sayı çoxdur.

Daşı atırsan, gedib o adamlara dəyir. Və hərəsinin də ağzından bir avaz gəlir. Kimi deyir, sür dərəyə, kimi deyir, sür təpəyə.

«Neftçi» ötən mövsümü biabırçı keçirdi. Son 7 ildə ilk dəfə avrokuboklardan kənarda qaldılar.

Sezonun əvvəlində Adrian Mutu ilə yağışa düşdülər, sonra da Miodraq Bojoviçlə yağmura yaxalandılar. Həm Əli aşından oldular, həm Vəli aşından.

Aradan iki aya yaxın vaxt ötüb, «Neftçi» hələ də sturkturlaşma sarıdan problemlər yaşamaqdadır.

Bilmirəm kimi və nəyi gözləyirlər, nə üçün idarəetmə aparatını formalaşdırıb qurtara bilmirlər.

Kim(lər) idarəçidir, kim(lər) icraçıdır, kim(lər) hansı sahəyə baxacaq, onu da bəlli etməyiblər. Zaman isə «Neftçi»ni gözləmir, hər keçən gün klubun ziyanına işləyir.

Ayna əsas komandadır. «Neftçi» uşaq futbolunda uğurları sıraya, tikilməkdə olan bazasıylə öyünə bilər, əgər A komanda hər hansı çapda yaxşı nəticə qazanmasa, bütün bunların heç bir əhəmiyyəti qalmayacaq.

Bax, mən bundan narahatam.

Transfer əməliyyatlarının ləng həyata keçirilməsi, səviyyəli legionerlərin alınmaması sabah Qriqorçuka zillət yaşadacaq.

Bu azmış kimi, deyilənlərə inansaq, yeni baş məşqçiyə transfer bazarında müstəqil hərəkət etmək icazəsi tanınmayıb.

Yeni oyunçuların alınmasıyla klubun ayrı-ayrı fərdləri məşğuldur. Danışılanlar doğrudursa, Qriqorçukla şərt kəsilib ki, biz bəyənəcək və gətirəcək, sən isə onları oynadacaqsan.

«Neftçi»ni çökdürən bu yanaşma olmayıbmı? Əlbəttə ki. Qriqorçuk hansı ağılla köhnə palaza bürünməklə elnən sürünməyə razılaşıb, çox qəribədir.

Hər gün başının üstündə uçuşan Rusiya raketlərindən canını qurtarmaq üçün «Neftçi»nin təklifinə «hə» deməsi gümanı gəlir adama.

Təki ortaya iş/nəticə qoya bilsin, mən yanılım…

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi