"Mənim üçün darıxdırıcı qarşılaşma idi" - Samir Abasov

26 Sentyabr 19:30 Neftçi 506
"Mənim üçün darıxdırıcı qarşılaşma idi" - Samir Abasov

"Oyunun sonlarını çıxmaq şərtilə, matç yorucu idi, maraqlı keçmirdi. Bilmirəm ki, bu nəyə görə idi. Belə oyunlarda qol vurub rahatlaşmaqdansa, qol buraxıb özünə gəlmək daha yaxşıdır. Matç heç cür xoşuma gəlmədi. Heç-heçə də qeydə alına bilərdi. Son dəqiqələrdə qapımızda ikinci qolu görməyimiz mümkün idi".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Sabah" komandasına 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, səfərdən 3 xalla dönməyimiz vacibdir: "Əvvəllər olduğu kimi, gərgin matç görmədim. Mənim üçün darıxdırıcı qarşılaşma idi. Lakin yolun əvvəlindəyik. Xoş haldır ki, udub gedirik. Pis oyunlar olmur, alınmayan oyunları, uduzmağı belə gözümüzə almışıq. Çünki yeni və gənc futbolçularımız çoxdur. Onların sistemə gəlib çatmaları üçün vaxt lazımdır. Bu gün həddindən artıq top ötürmələri edirdik. Əsas odur ki, bütün futbolçularımız sağlamdır. Onları belə matçlarla formaya gətiririk".

Yeni transferlərin hələ 90 dəqiqə oynama gücündə olmadığını söyləyən Abasov bu çatışmazlıqları get-gedə aradan qaldıracaqlarını söyləyib. Onun sözlərinə görə, Voislav Stankoviçin milliləşdirilməsinin hələ gündəmdə deyil: "Filip Ozobiçin milliləşdirilməsindən sonra Stankoviç "Mən niyə yox?" söylədi. Mənim limitlə bağlı fikirlərimdən sonra bircə UEFA prezidenti Aleksander Çeferin qaldı ki, fikir bildirməsin. PFL prezidenti Ramin Musayev, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdan fikir soruşmaq pis deyil ki... Hərə öz fikirlərində bir arqument gətirməlidir. Siz onların dedikləri sözlərdən sonra "Mən də belə deyim" söyləyənlərdən çəkinin".

Kapitan Emin Mahmudovun oyunun sonlarında ayağından zərbə aldıqdan sonra ayağını çəkməyə başladığını deyən baş məşqçi hələlik onun durumundan xəbərsiz olduğunu da əlavə edib. (Report)

Digər Xəbərlər
Xəbər Lenti