COP29

Xankəndi - Bakı ultra marafonuna start verildi

1 Mart 02:50 Gündəm 294
Xankəndi - Bakı ultra marafonuna start verildi

Fevralın 29-da Xankəndi - Bakı ultra marafonuna start verilib.

Sportinfo.az xəbər verir ki, Xankəndi şəhərində start götürən yarışdan öncə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov çıxış edərək iştirakçılara uğurlar arzulayıblar. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra ultra marafon açıq elan edilib.

Marafonda müxtəlif ölkələrdən ümumilikdə 64 idmançı iştirak edir. İlk yarış gününün nəticələrinə əsasən, Elmir Əskərov (6.52.02) birinci mərhələnin qalibi olub. Ağa Əliyev (6.54.57) və Elman Abışov (6.58.20) finişə müvafiq olaraq ikinci və üçüncü çatıblar.

Ümumilikdə 380 km məsafəni əhatə edən ultra marafonun iştirakçıları Xankəndi-Yevlax (83 km), Yevlax-Ucar (84 km), Ucar-Hacıqabul (88 km), Hacıqabul-Qobustan (70 km) və Qobustan-Bakı (55 km) mərhələlərini keçməklə martın 4-də Bakıya çatacaqlar.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkil etdiyi yarış “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilir.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!