“Bu oğlan indiyə qədər haradaydı? - Murada görə baş məşqçini “asıb-kəsdilər”

20:00 Bizimkilər 241
“Bu oğlan indiyə qədər haradaydı? - Murada görə baş məşqçini “asıb-kəsdilər”

Azərbaycanlı futbolçu Murad Məmmədov Kiprdə xarüqələr yaradır.

Bu yay “Neftçi”dən “Pafos”a keçən U-21 millimizin üzvü yeni komandasında azarkeşlərin sevgisini qazanmağı bacarmaqdadır.

Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Zalsburq”la səfər qarşılaşmasında sonradan meydana çıxaraq rəqibin sağ cinahını iflic edən həmyerlimiz cavab görüşündə tribunaları ayağa qaldırdı.

Murad 84-cü dəqiqədə sol ayaqla rəqib qapısının uzaq küncünü dəqiq nişan almaqla oyuna möhür vurdu – 3:3. Bu qol Avropa Liqasının pley-offuna yüksəlməyə kifayət etməsə də, kiprliləri məğlubiyyətdən qurtardı – 3:3.

“Pafos” azarkeşlərinin Muradla bağlı sevinci yerə-göyə sığmır. Bir neçə il əvvəl Mahir Erelinin “Legiya”da polşalı azarkeşlər tərəfindən necə sevildiyinin hissini indi Murad yaşayır.

Fanatlar klubun sosial media səhifələrində Məmmədova ən xoş sözləri yazır, solaxayın ehtiyatda qalamsına görə baş məşqçini qınayır.

“Bu dəqiqə “Pafos”un ən yaxşı futbolçusu Məmmədovdur. İndiyə qədər niyə oynamırdı?”

“Bu oğlan dinamitdir”.

“Alanda belə futbolçular alın. Bravo, Murad!”

“Onun yeri ehtiyat oyunçular skamyası deyil, “11-lik”dir”.

“Şedevr qol vurdu. Görək, “Dinamo Siti” ilə oyunda da ehtiyatda qalacaq”.

“İnanılmaz istedada sahibdir. Sürət, driblinq, öldürücü zərbələr. Bir az böyüsün, qarşısında dayanmaq olmayacaq”.

“Bu oğlan indiyə qədər haradaydı? “Pafos”a çox fayda verəcək”.

“Əsas heyətdə oynasa, gör, nələr edər. Yəqin ki, gələn matçda oynayacaq”.

Bir neçə ay öncə “Pafos”la müqavilə bağlayan Murad Məmmədov “Neftçi”nin yetirməsidir. U-21-in aparıcı simalarından sayılan vinger Azərbaycan millisinə namizədlərdəndir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti