Dünən «İmişli»dən ayrılan Nazim Hüseynov Türkiyənin yolunu tutub.
Super Liqaya yeni vəsiqə qazanmış "Çorum" onunla anlaşıb.
18 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb.
Razılaşmaya əsasən, o, öncə "Çorum"un U-19-unda çıxış edəcək. Vaxtilə "Araz-Naxçıvan"ın da formasını geyinmiş solaxay qış fasiləsindən sonra əsas komandanın sıralarına qoşulacaq.
Hüseynov bu ilin fevralında "İmişli" ilə 2,5 illik müqavilə bağlamışdı. O, mayda "Qarabağ"la oyunda "İmişli" formasında Premyer Liqada debüt edib.
Lakin gənc oyunçu əsas heyətə düşməkdə çətinlik çəkdiyindən, müqaviləsini qarşılıqlı razılıq əsasında pozaraq ölkə xaricində oynamağa üstünlük verib.
Halbuki klub rəhbərliyi Nazimin burada qalmasını istəyib. Yeni baş məşqçi Fərid Namazov isə irəli xətdə legionerlərə daha çox güvənəcəyini söyləyərək, ona münasibəti dəyişib.
Bu keçid tanınmış FİFA meneceri Emil Əsədovun sayəsində baş tutub. "Çorum" rəsmiləri onun təqdimatı əsasında Hüseynovla bağlı araşdırma aparıb və raport hazırlayıb.
Həmin raportun məğzini Hüseynovun üstün keyfiyyətləri təşkil edir. Orada qeyd olunub ki, o, yüksək sürəti və texnikasıyla komandaya böyük fayda vermək potensialına malikdir.
Mövsümlərarası fasilədə "Qarabağ"dan Toral Bayramov Birinci Liqaya yeni vəsiqə qazanan "Bursaspor"a keçib.
"Kolambus Kryu"ya (ABŞ) məxsus olan Nəriman Axundzadə isə Super Liqaya dönmüş "Ərzurumspor"la bu yaxınlarda birillik icarə müqaviləsi bağlayıb.
SPORTİNFO.AZ

