Pirverdiyev Qusarın xaraba stadionundan da pul qazanmaq istəyir - FOTOREPORTAJ

8 Oktyabr 20:21 Azərbaycan Futbolu 512
Pirverdiyev Qusarın xaraba  stadionundan da pul qazanmaq istəyir - FOTOREPORTAJ

Bu mövsüm Qusarı ölkə miqyaslı yarışda 3 komanda təmsil edəcək. "Şahdağ" və "Şirvanovka" ilə yanaşı, rayonun adını daşıyan klub da Region Liqasında mübarizə aparacaq.

Təəssüf ki, onların heç biri ev oyunlarını doğma Şövkət Orduxanov adına stadionda keçirə bilməyəcək. "Şirvanovka" ev oyunlarını adını daşıdığı qəsəbənin məktəb stadionunda qəbul edəcəksə, "Qusar" Bakının bir küncünə sığınacaq. "Şahdağ" isə yenidən Siyəzənə üz tutacaq.

Ötən əsrin ortalarında əsası qoyulan və Şövkət Orduxanovun adını daşıyan arena isə hələ bir müddət qapılarını futbolsevərlərin üzünə açmayacaq. Ümumiyyətlə, başıbəlalı və əldən-ələ keçən stadion elə dəhşətli vəziyyətə düşüb ki… Tanımayana, bilməyənə elə bilər, bura örüş sahəsidir. 2018-ci ilin əvvəlində təmirə bağlanan idman qurğusunda hazırda "bayquş ulayır".

Halbuki Etibar Pirverdiyev istəsəydi, "Azərenerji" ASC-nin prezidenti olduğu illərdə "Şövkət Orduxanov"u "təpədən-dırnağa" dəyişər, müasir kompleks edərdi. 2004-cü ildə "Şahdağ"ı himayəsinə götürən keçmiş şirkət rəhbəri bu müddət ərzində əlini ağdan-qaraya vurmadı, bir də vəzifəsindən gedəcəyini hiss etdiyi 2018-nin aprelində yadına düşdü ki, Qusarda bu adda stadion var, o da kurasyiasındakı şirkətin balansındadır.

Budur, aradan 1 ildən artıq vaxt keçib, "Şövkət Orduxanov"da daş daş üstünə qoyulmayıb. Stadionda olan əməkdaşımız qeyd edir ki, hər tərəf "tikinti qəbirstanlığı"nı xatırladır. Ərazidə nə tikili vardısa, hamısı yerlə bir edilib. Sökülən tribunaların arxasına beton hasar çəkilib, dairəvi çəpər 150-200 metri əhatə edir.

Meydança isə az qala adamboyuna çatan otun içində it-bat olub. Nə təmizlənir, nə bir şey. Bir neçə ay əvvəl mühəndis qrupu stadiona baş çəkib, qazonun vəziyytinə baxıb. Məlum olub ki, meydançanın şimal baxan hissəsi əks tərəfdən 60 sm aşağıdır. Bu isə sahənin ölçüləri ilə yanaşı, ikinci torpaq qatının da dəyişdirilməsini zəruri edir. Ümumilikdə, tikintinin qaldığı yerdən davam etdirilməsinə təxmini hesablamalara görə, azı 7-8 milyon manat tələb olunur. SOCAR həmin vəsaiti ödəməklə, yenidənqurma işlərini başa çatdırmağa hazırdır. Neft şirkəti bununla Qusar futboluna yeni nəfəs gətirməyi hədəfləsə də, təəssüf ki, Etibar Pirverdiyev şəxsi maraqlarını yenə ön planda tutur. Vəzifədən uzaqlaşdırılandan sonra meylini mal-qara fermasına salan keçmiş "Azərenerji" şefi qarşı tərəfdən stadiona xərclənən pulu istəyir. Özü də şişirdilmiş rəqəmlərlə. Pirverdiyev iddia edib ki, inşaata indiyədək bir neçə milyon manat vəsait ayırıb, halbuki görülən işlərin miqyası heç də bunu demir.

Mövcud durğunluğun nə vaxt aradan qalxacağını isə Allah bilir! Əlbəttə, proses belə davam etsə, zərbə şimal bölgəsinin futbol ailəsinə dəyəcək. Axı Qusar və "Şahdağ" zonanın futbol beşiyi sayılır.

SPORTİNFO.AZ

Xəbər Lenti
14 Oktyabr 21:13 Futbolinfo.az 6 yaşında
14 Oktyabr 20:54 "Qəbələ"də yeni təyinat