Bir-birlərini təbrik etməkdən XOŞLANMAYANLAR

19 Fevral 16:40 Turan 1 732
Bir-birlərini təbrik etməkdən XOŞLANMAYANLAR

«Turan Tovuz»un «Sumqayıt»la qarşılaşmaları, adətən, gərgin mübarizə şəraitində keçir.

Biz bu oyunlarda döyüşkənlik görürük, şahmat gedişləri görürük, çoxlu qol görmürük.

Çünki Ayxan Abbasov Samir Abasovu, Samir Abasov da Ayxan Abbasovu yaxşı tanıyır.

Onların arasında 8-9 il əvvələ dayanan bir rəqabət yaranıb, bir-birlərini qələbədən ötrü təbrik etməyə tələsmirlər.

Ayxan Abbasovun Sumqayıta son səfəri bir öncəkilərə bənzəmədi. «Turan»ı ev sahibi kimi oynatdı.

Hücum edən, qola yaxın gedən tərəf məhz qonaqlar idi. Üç-dörd epizodda Mehdi Cənnətovun sayıqlığını yoxladılar.

Mehdi günündə idi; bu dəfə kobud səhv etmədi, diqqətli tərpəndi.

«Turan» axır 10-15 dəqiqədə bir qədər yoruldu. Topsuz qaçdılar. Əks-hücuma bel bağlayıb, müdafiəyə qapandılar.

Aleks Souza yenə qol vurdu. Yan xətt hakimi bayrağı qaldırmasaydı, bu, braziliyalı yeni hücumçunun ardıcıl üç tur fərqlənməsi demək olacaqdı.

Otto Con yeni ilə yaxşı başlamayıb. Nigeriyalı hücumçu qışaqədərki formasını bərpa etməyə çətinlik çəkir. Ağırlaşıb, elə bil.

Aleks Souza ilə rəqabətə girişmək, oxşayır ki, ürəyincə deyil. Son 26 dəqiqədə meydanda oldu, zərbə vurmağa gec qaldı.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti