"Prezident dostum yaxşı bilir ki, A-dan Z-yə, başdan ayağa kimi Azərbaycanın yanındayıq"

15 Noyabr 2023 02:50 Voleybol 1 315
"Prezident dostum yaxşı bilir ki, A-dan Z-yə, başdan ayağa kimi Azərbaycanın yanındayıq"

“Türkiyə və Azərbaycan Avropa çempionatına ev sahibliyi etmək istəyir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ prosport.az-a verdiyi müsahibəsində bildirib.

Onunla müsahibəni təqdim ediirik:

- Bu yaxınlarda ölkəmizdə səfərdə oldunuz. Tək deyildiniz. Bu görüşlər zamanı 2026-cı ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi müzakirə olundumu?

- Təbii ki. Bu yöndə görüşlərimiz var. Biz Türkiyə olaraq ötən ildən Avropa çempionatını keçirməyə namizədik. Amma görürəm ki, Azərbaycanda voleybolun gələcəyi var. 2017-ci ildə Azərbaycan Avropa çempionatına da ev sahibliyi etdi. Bu istək və arzu yenə var. Bunu aramızdakı müzakirələrdə də gördüm. Mən də bundan çox qürurlandım. Görüş zamanı da dedim ki, Türkiyə ilə Azərbaycan ayrılmaz iki ölkədir. Ən gözəl təşkilatçılığın ediləcəyinin də sözünü CEV-ə vermişik.

- 2017-ci ildə qonşu Gürcüstanla ev sahibliyi etdik. Ancaq qardaş ölkə dediyimiz Türkiyə ilə heç müştərək ev sahibliyimiz olmadı...

- İnşallah, 2026-cı ildə olar. Niyə də olmasın?! Mən bunu çox istəyirəm. Qardaşım, dostum, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov və onun əməkdaşları da 2026-cı ildə Türkiyə ilə birgə ev sahibliyi etmək istəyir.

- Bilirsiniz ki, son Avropa çempionatında millimizin baş məşqçisi türkiyəli Ataman Güneyligil idi. Onun Azərbaycandakı qısa karyerasını necə dəyərləndirirsiniz?

- Dediyiniz kimi, çox qısa müddət Azərbaycanda işlədi. Türkiyədə çempionat başa çatan kimi milli komandada çalışmağa başladı. Bildiyiniz kimi, Almaniyanın Düsseldorf şəhərində Azərbaycanla eyni qrupda yer almışdıq... Azərbaycanda federasiya dövlətin də dəstəyi ilə səbirli bir layihə icra edir. Azərbaycanda olduğum müddətdə görüşlərim məni çox məmnun etdi. Ötən çərşənbə Azərbaycandan ayrıldım. Çox şad oldum ki, Azərbaycanda hazırda voleybolun aşağı yaş qruplarına çox əhəmiyyət verilir. Biz Türkiyə olaraq da məhz bu məqama fikir verərək bu yerlərə gəlib çıxdıq. Bu gün Türkiyənin qadın voleybol millisi ABŞ, Braziliya, Serbiya, İtaliya kimi komandaları qabaqlayaraq dünya reytinqində 1-cidir, son Avropa çempionudur, Dünya Kubokunun qalibidir. Türkiyədə azyaşlı idmançıları voleybola qazandıran Şahin Çatma adlı dostumuz hazırda sizin federasiyada aşağı yaş qrupları üzrə koordinator vəzifəsində çalışır.

- Türkiyə qadın voleybolu hazırda ən üst səviyyədədir. Şahin Bağırovla Azərbaycan millisinə namizəd türk məşqçilər barədə müzakirələr də oldumu?

- Xeyr, bu mövzuda heç söhbətimiz olmadı. Amma dostum olan federasiya prezidenti də yaxşı bilir ki, biz A-dan Z-yə, başdan ayağa kimi Azərbaycanın yanındayıq.

- Əbəs yerə deyil ki, Azərbaycan və Türkiyə federasiyaları arasında əməkdaşlıq Memorandumu imzalandı. Mətbuat konfransında isə Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev bildirdi ki, türkdilli ölkələr arasında voleybol turniri keçirilə bilər. Bu yöndə nə yenilik var?

- Bəli, Azərbaycan və Türkiyənin rəhbərliyi altında müxtəlif turnirlər təşkil edəcəyik. Digər türkdilli ölkələrlə də danışıqlar aparacağıq... Azərbaycan voleybolu çox yüksək yerlərə gələcək. Bundan əmin ola bilərsiniz. Bunu görürəm, əminəm və inanıram.

Digər Xəbərlər
Xəbər Lenti