“Neftçi” bunu yaxşı bacarır – Amma bu dəfə çətin görünür

10 Fevral 2023 14:00 Neftçi 599
“Neftçi” bunu yaxşı bacarır – Amma bu dəfə çətin görünür

Premyer Liqanın 22-ci turu biri-birindən maraqlı oyunlarla yadda qalacaq.

Şübhəsiz, həftə sonu diqqətlər “Azərsun Arena”ya – “Qarabağ”la “Sabah” arasındakı mərkəzi oyuna yönələcək.

Eyni gündə Tovuzda qərb derbisi reallaşacaqsa, turun açılış oyunu Qəbələdə yerli komanda ilə “Neftçi” arasında baş tutacaq.

*

Qış fasiləsindən dərhal sonra “Sabah”a uduzan “ağ-qaralar” son 2 çempionat görüşünü qələbə ilə başa vurub. “Zirə” üzərində inamlı qələbənin ardınca “Sumqayıt”la qarşılaşmada da əldə olunan növbəti 3 xal kollektivdəki əhval-ruhiyyəni yaxşılaşdırıb. Lakin hər iki qələbə doğma meydanda qazanılıb.

Eyni sözləri qəbələlilər haqda demək çətindir. Bölgə təmsilçisi sonuncu dəfə 3 xalın ləzzətini dekabrın 3-də “Səbail”lə ev oyununda dadıb. 16-cı turda baş tutan həmin oyundan sonra bölgə təmsilçisi 3 heç-heçə edib, 2 halda məğlub olub (“Qarabağ” və “Sabah”).

İndiki vəziyyətdə psixoloji vəziyyət baxımından “Neftçi” rəqibinə hisbətən daha rahatdır.

*

“Qəbələ”nin doğma meydanda oynamasını meydan sahibləri üçün üstünlük hesab edə bilərik. Hər halda meydanın doğmalığı, azarkeş dəstəyi, hava şəraiti və sair kimi amillər “qırmızı-qaralar”ın xeyrinə işləməlidir.

Lakin “Neftçi”nin cari mövsümdəki səfər matçlarına nəzər salsaq, vəziyyətin onlar üçün ürəkaçan olduğunu deyə bilərik. Paytaxt təmsilçisi indiyə qədər keçirdiyi 10 səfər qarşılaşmasının 3-də məğlub olub. 2-dəfə “Sabah”a, 1 oyunda “Qarabağ”a. Yəni turnir cədvəlində özündən öndə yer alan rəqiblərinə. Yerdə qalan 7 matçın 6-da qalibiyyətə sevinib ki, Şamaxı, Gəncə, Tovuz kimi bölgə səfərlərinin hər birindən Bakıya 3 xalla qayıdıb.

*

Qələbə hər iki komandaya hava-su kimi lazımdır.

“Neftçi”nin çempionluq qatarı çoxdan gedib. “Qarabağ”la 13 xallıq fərqi artırmaq çətin, hətta mümkünsüzdür. Əsas məqsəd 8 xal irəlidə olan “Sabah”la xal fərqinin artmasına imkan verməmək, əksinə, onu “əritməkdir”. “Tələbələr”in bu həftə “Qarabağ”la dueldə xal itirmək şansının yüksək olduğunu nəzərə alsaq, “Neftçi”nin qələbəsi işinə yarıyacaq.

“Qəbələ” isə “Zirə”ni qarabaqara izləyir. Rəşad Sadıqovun çalışdırdığı kollektiv avrokuboklara vəsiqə verən mümkün yerdən birində - 4-cü pillədə “əyləşib”. Qəbələlilər həmin yeri zirəlilərdən almaq üçün aradakı 5 xallıq fərqi aradan qaldırmaq niyyətindədir.

*

Bu komandaların ölkə kubokunun final matçında üz-üzə gəlmək şansı var. Hədəfə çatmaq üçün “Qəbələ” “Səbail”i, “Neftçi” isə “Turan Tovuz”u yolundan kənarlaşdırmalıdır.

Bu, baş verəcəyi halda finalda “Qəbələ” – “Neftçi” matçını izləyəcəyik. Odur ki, bu oyunu həm də finalöncəsi ciddi sınaq kimi də qələmə vermək olar. Bakılılar çempionatın ilk yarısındakı hər iki oyunda qəbələliləri məğlub etməyi bacarıb.

Görək bu dəfə sevinən komanda hansı olacaq.

Fevralın 10-da Premyer Liqanın 22-ci turu çərçivəsində keçiriləcək “Qəbələ” – “Neftçi” görüşü saat 15:00-da başlayacaq. Oyunu Fərid Hacıyev idarə edəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti