Bəlkə Elxan Məmmədov həya edər, anlayar ki, "Neftçi" onluq deyil

24 Noyabr 2020 16:00 Qarabağ 863
Bəlkə Elxan Məmmədov həya edər, anlayar ki, "Neftçi" onluq deyil

"Qarabağ" bu tur "Sumqayıt"ı 6 qola "qonaq" etdi.

Ötən tur "Neftçi", ondan öncəki tur isə "Keşlə" bu qonaqlıqdan "pay" aparmışdı.

Növbəti rəqib "Səbail"di. Yenəmi 6 qol olacaq? Onu artıq zaman göstərəcək.

Son 3 turu ağdamlılar özünü Azərbaycan Premyer Liqasında yox, Region Liqasındaymış kimi aparır. Gələnə də 6 qol vurub yola salır, gedənə də.

Qurban Qurbanovun yetirmələri Premyer Liqa ilə bərabər, həm də Avropa Liqasının qrup mərhələsində mübarizə aparır. Deyəsən, elə təkcə orada-Avropa Liqasında mübarizə aparır.

Çünki komandaya Premyer Liqamızdan fərqli olaraq Avropa Liqasının qrup mərhələsində nəinki 6 qolla qalib gəlmək, heç qalib gəlmək qismət olmayıb. Əbəs deyil ki, ağdamlılar ilk 3 turdan sonra aktivinə xal yazdıra bilməyib. Ovusunun qolu olmasa, hücum xəttinin də xanası indi sıfırla göstərilirdi.

AVROPA LİQASI: 3 oyun, 1 qol

AZƏRBAYCAN PREMYER LİQASI: 3 oyun, 18 qol

Bu mənzərə Azərbaycan Premyer Liqasının həqiqi mənzərəsini ortaya qoyur. Kimlərsə hazırkı çempionatın maraqlı keçdiyini, rəqabətin olduğunu iddia edə bilər, amma isbatlaya bilməz. Hər şey öz çılpaqlığı ilə ortadadır.

Avropa arenası daxili yarışların güzgüsüdür. Nəsə danışmağa ehtiyac yoxdur, rəqəmlər özü hər şeyi deyir. 8 komandalı Bakı çempionatının gücü Avropa Liqasında maksimum 2 mərhələ üçün yetərli ola bilər. Vəssalam!

"Qarabağ" istisnadır. "Qarabağ" boyundan yuxarı tullanıb hər il qruplara yüksəlir. Qrupda isə böyük çarəsizliklə üz-üzə qalır. Burdakı rahatçılığın əziyyətini avropa arenasında çəkir. Tədricən vəziyyət daha da pisləşə bilər və "Qarabağ" da olar ""Keşlə"nin, "Neftçi"nin, "Sumqayıt"ın tayı.

Amma çıxış yolu var. Məncə, "Qarabağ" elə bu templə də davam etməlidir. Hər tur rəqiblərə divan tutmaqla Premyer Liqanın əsl üzünü göstərməlidir. AFFA-nın kurasıyasında olan klublara hər tur futbolun necə oynanıldığını göstərməlidir.

Rəqiblərə qarşı amansız olmaqla heç bir rəqabətin, heç bir mübarizənin olmadığını göstərməlidir. Hər oyunda yox, hər epizodda, hər addımda AFFA-nın klublarına yerini göstərməlidir.

Bəlkə Elxan Məmmədov onda həya edər, anlayar ki, "Neftçi"ni düzəltmək onluq deyil. "Neftçi"yə Kamran Quliyevlər yox, müstəqil qərar vermək səlahiyyəti olan, "Neftçi"nin ağırlığını hiss edə bilən rəhbər lazımdır.

Bəlkə, onda anlaya ki, onun tapşırıqları ilə idarə olunan klublar "Səbail", "Keşlə" səviyyəsindən o tərəfə çıxmayacaq. Çıxanda da ağzına vurub evə qaytaracaqlar. Necəki son avrokub oyunları bunu göstərmiş oldu.

Yox, "Qarabağ" yenə daxili yarışlara başdansovdu yanaşıb, minimal hesablı qələbələrlə kifayətlənib "əsas odur sonda çempionluq gəlsin" düşünəcəsi ilə mübarizə aparacaqsa, Ramin Musayev, Elxan Məmmədov və yaxın ətrafı qızğın rəqabətdən danışmağa, "Qarabağ" isə bundan əziyyət çəkməyə davam edəcək. Necə ki, o əziyyəti çəkir ...

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti