"Qismət olarsa, ilk gedəcəyimiz yer ora olacaq" - "Qarabağ" rəsmisi Ağdamın azad olunmağından danışdı

20 Noyabr 2020 13:20 Qarabağ 418
"Qismət olarsa, ilk gedəcəyimiz yer ora olacaq" -

"Çox əla hislərdir. İllərlə biz bu günləri gözləyirdik. Allah Ali Baş Komandanımızın və ordumuzun canını sağ eləsin. Bizləri bu günlərə gətirib çıxardılar".

Bu sözləri Sportinfo.az-a Ağdamın işğaldan azad olunmasına münasibət bildirərkən "Qarabağ"ın direktoru Əmrah Çəlikəl deyib.

Klub rəsmisi Ağdamda ilk gedəcəyi yeri də özü üçün müəyyənləşdirdiyini bildirib: "İnşallah birinci "İmarət"ə gedəcəyik. Qismət olarsa, ilk gedəcəyimiz yer ora olacaq. Ən gözəl oyunlarımızı İmarətdə keçirərik. Amma indi birinci biz oranı bərpa etməliyik. Elə bu işlərin özünü gerçəkləşdirmək özü də böyük bir xəyaldı. Orada keçəcək hər gün, görüləcək hər bir iş bizim üçün müqəddəsdir. Bunların hamısını yavaş-yavaş həyata keçirəcəyik".

Əmrah bəy məcburi köçkün statusu daşıyan komandanın rəsmi şəxsi olmağın çətinliyini də dilə gətirib: "Bu böyük məsuliyyətli bir iş idi. "Qarabağ" adı ilə Azərbaycanı təmsil edirdik. Bunun məsuliyyəti yetərincə böyük idi. Şükürlər olsun ki, bu məsuliyyəti layiqincə bu günə kimi daşıyıb gətirdik".

"Qarabağ" rəsmisi təmsil olunduqları Ağdamın azad olunması ilə məsuliyyətlərinin azalmadığını dedi: "Deməzdim ki, məsuliyyətimiz azaldı. Biz yenə Azərbaycanı təmsil edirik. Yenə Ağdamımızı təmsil edirik. Əksinə bundan sonra evimizin içində daha böyük uğurlar qazanmalıyıq. Bunun belə olacağını inanıram".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!