Qarabağda qələbə rəsmiləşsin, “Qarabağ” qrupda qalsa da olar!

31 Oktyabr 2020 00:42 Qarabağ 731
Qarabağda qələbə rəsmiləşsin, “Qarabağ” qrupda qalsa da olar!

“Qarabağ”ı apardığı mübarizəyə,göstərdiyi oyuna görə alqışlamağa dəyər. Ev oyunlarını səfərdə keçirməyə məcbur olan Ağdam klubu bütün çətinliklərə rəğmən, layiqli oynamağı bacardı.

Dünən Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Vilyarreal”la Türkiyədə qarşılaşan çempionumuz İspaniya təmsilçisinə qarşı başabaş futbol sərgilədi. Onsuz da müxtəlif problemlər üzündən heyətini gücləndirə bilməyən “atlılar” zədəlilərin çoxluğu üzündən daha çətin vəziyyətə düşmüşdü. Maksim Medvedevlə Bədavi Hüseynovun sıradan çıxmasıyla qrupun favoriti önünə daha aciz çıxan “Qarabağ” yalnız intizamlı oynamaqla və müdafiəyə daha çox diqqət yetirməklə bir xala ümid edə bilərdi.

Qurban Qurbanovun heyət seçimi məcburi idi. Sırada olan bütün aparıcı oyuçular səfərbər edilmişdi. Matçı sonlarında əvəzetmələrə ehtiyac duyulanda bir daha aydınlaşdı ki, “11-liy”i əvəz etmək üçün layiqli ehtiyat qüvvə yoxdu. Bütün bunlara rəğmən, “Qarabağ” 60-70 dəqiqə rəqiblə bərabər səviyyədə futbol oynadı, hətta topa sahib olma statistikasında daha üstün idi.

Maraqlıdı ki, “Vilyarreal”ın oyuna ağırlığını qoyduğu, yorulmuş “Qarabağ”ı qapısına sıxmağa başladığı anlarda hesabı məhz ağdamlılar açdı. Patrik Andradenin əla ötürməsindən sonra Ovusu Kvabenanın dəqiq zərbəsi ilk xal ümidlərimizi artırmağa başladı. Sonluğa cəmi 12 dəqiqə qalmışdı və…

…Amma ispanlar şokdan tez ayıldı. Elə ilk hücumdaca bərabərliyi təmin edən “Vilyarreal” müdafiəçilərin fərdi səhvlərindən yararlanıb qısa müddət ərzində qrup lderliyinə imkan verən hesabı rəsmiləşdirdi. Məğlubiyyətə səbəb aramaq kimi olmasın, amma hakimlərin bütün mübahisəli epizodlarda rəqibin lehinə qərar verməsi də qəribə idi. Düzdü, “Qarabağ” daha çox heyət yetərsizliyi və oyunçuların fərdi səhvləri üzündən ilk xallarını qazanmaq imkanını itirdi. Bununla belə, çexiyalı referi də “işini gördü”.

“Qarabağ”ı qrupun favoriti ilə dünənki oyundan daha çox İsraildəki məğlubiyyətə görə qınamaq olar. “Makkabi”dən xal almaq şansı daha çox idi. Səhvləri “Sivasspor”la qarşıdakı oyunlarda düzəltmək və yenidən şansları yaxşılaşdırmaq lazım gələcək.

Qarşıda 4 oyun və ən yaxın rəqiblə 6 xallıq fərq var. İndidən şansların bitdiyini də demək olar. Riyazi cəhətdən 2-ci pilləyə yüksəlmək mümkündü, amma bu, çox çətin olacaq. Müharibə üzündən psixoloji durumu yerində olmayan, Bakıda oynamaq imkanından məhrum “Qarabağ”ın heyət problemləri də var. Qrupu xalsız bitirməmək indiki halda daha uyğun hədəf kimi görünür. Ağdamlılar püşkdə qrupun ikincisi kimi iştirak etsə də, fors-major hallar üzündən yaranan problemlər arzuolunmaz nəticələrə səbəb oldu.

Əsas odur ki, “Qarabağ” oyunu ilə utandırmır. Hər iki matçda layiqli futbol sərgiləyən ağdamlılar dünən sürprizin də bir addımlığında idi. Futbol təsərrüfatımızın yeganə ümidinin rəqibləri qarşısında dizi əsmir. Qarabağda qələbə rəsmiləşsin, “Qarabağ” qrupda qalsa da olar (futbolinfo)…

Digər Xəbərlər
Xəbər Lenti