Antepli Osman abi, yuxusuz sutka, lövhənin üstündə tükürpədən sözlər

30 Oktyabr 2020 21:30 Qarabağ 552
Antepli Osman abi, yuxusuz sutka, lövhənin üstündə tükürpədən sözlər

Səfər olur ki, xaricdə olduğun 2-3 gündən istədiyin qədər zövq ala bilmirsən. Səfər olur ki, başqa ölkədə keçirdiyin bir neçə gün yaddaşında xoş izlər buraxır və ya əksinə. Səfər olur ki, yol yorğunluğunun nə olduğunu hiss etməmişik. Hər cür səfər olmuşdu, beləsi hələ olmamışdı.

“Qarabağ” – “Vilyareal” matçını işıqlandırmaq üçün yollanacağımız Türkiyə səfərinin bir sutkadan da az vaxtı əhatə edəcəyi haqda əvvəldən məlumatlandırılmışdıq. Lakin bu cür həssas məqamda qardaş ölkəyə üz tutmaq, ordakı ab-havanı görmək və ən əsası, yaralı yerimizin adını daşıyan “Qarabağ”ın ispanlarla duelini işıqlandırmağın yaratdığı həvəsin çəkisi o qədər ağır idi ki, başqa nəsə haqda düşünmək olmurdu. Nə yorğunluq gözə görünürdü, nə də yuxusuzluq. Gözümüzün “odunu” təyyarədə “ayaqüstə” almaqla təxminən 20 saat yolda olduq.

Dəyərdimi? Əlbəttə, dəyərdi. “Qarabağ”a qapı açan Türkiyənin, lap dəqiq deməli olsam, “İstanbul Başakşehir”in, həm də Başakşehir Belediyye rəhbərliyinin gözləri qarşısında üzərinə “Təşəkkürlər, Türkiyə” yazılmış 5 metrlik plakat açıb, qardaş ölkənin Cümhuriyyət Günündə onlara bu şəkildə minnətdarlıq bildirmək nəyə desən, dəyərdi.

Günboyu qulluğumuzda duran və Qarabağda yaşananlardan ümumi məlumatlı olan qaziantepli Osman abiyə Gəncədə, ardınca Bərdədə öldürülən körpələrin şəkillərini göstərəndən sonra “Allahım, bu qədər şərəfsizlikmi olar” sözlərini eşitmək hər nə qədər ağır olsa da, türkün türkə necə can yandırdığını hiss etmək izah olunması mümkünsüz hisslər idi.

“İki daşın arasında” imkan tapıb “Qarabağ”ın yanında olmaq həvəsinə düşən Zabit Səmədovun vətənpərvərliyi, “kəmərimizin altını bərkitmək üçün” üz tutduğumuz “Mall of İstanbul”da üzümdəki maskanın üzərində “Qarabağ” yazısını görüb “qardaş, “Qarabağ”da işləyirsiz” sualının ardınca “Qarabağ” hava limanında saat neçədə olacaq” sualını verən İstanbulda yaşayan həmyerlimizin vətən sevgisi önündə adam özünü dünyanın ən xoşbəxti hiss etməyə, sadəcə, borclu idi.

Avtobus hərəkətdə olduğuna görə şəhərin ən gözəgəlimli yerində iri həcmli reklam lövhəsinin üstünə yazılmış “Qarabağ Azərbaycandır!” “möhürünü” telefonumun yaddaşına köçürə bilmədiyim üçün hələ də ozümü qınayıram. Amma o səhnəni canlı görməyim nisbi təsəlli verir.

Oyun başlayana kimi o qədər xoş əhval-ruhiyyədə idik ki, açığı, “Vilyareal”ın İspaniya təmsilçisi olmasının, baş məşqçi postunda Unay Emerinin “oturmasının” fərqinə varmırdıq. Hətta qarşılaşmanın hansı nəticə ilə başa çatacağı da ciddi önəm daşımırdı bizim üçün.

Önəmli olan “Qarabağ”ın bura qədər irəliləməsi, dığaların həsədlə izlədiyi Avroliqanın qrup matçları arasında “Qarabağ” adının qarşısında “Azərbaycan “ yazılmasıydı.

Bəli, ağdamlılar növbəti oyunu da məğlub başa vurdu. Amma bu gün bizim üçün önəmli olan Qarabağdan qələbə xəbərini eşitməkdir. Necə ki, eşitməkdəyik.

Bir sutkalıq yuxusuzluqdan yorulmadığını kiməsə desən, orqanizmində nələrinsə yerində olmadığını düşünər. Amma bu baş verdi. Yorulmadıq, əksinə, İstanbul səfərindən zövq aldıq. Səfəri təşkil edən “Qarabağ” rəhbərliyinə, o cümlədən hər imkanda yanımızda olmağa çalışan klubun əməşkdaşları Nurlan İbrahimovla Yusif Hüseynə bir “təşəkkür” borcumuz var. Elə Türkiyədə Azərbaycan ab-havası yaradan türk qardaşlarımıza da...(offssideplus)

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!