"Qarabağ" İstanbulda 2 dəqiqə də dözə bilsəydi… - VİDEO

30 Oktyabr 2020 09:14 Qarabağ 857
"Qarabağ" İstanbulda 2 dəqiqə də dözə bilsəydi… - VİDEO

"Qarabağ" Avropa Liqasının I qrupunda növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi II turda "Vilyarreal"ın qəbul edib.

Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar "Başakşehir Fatih Terim" stadionunda baş tutan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hər iki komanda oyuna itkilərlə çıxıb. Azərbaycan çempionunun heyətində kapitan Maksim Medvedev, Bədavi Hüseynov və Mahir Emreli zədə səbəbindən əsas heyətdə yer almayıb.

Medvedevin yoxluğunda "köhlən atlar"ı meydana kapitan kimi Qara Qarayev çıxarıb. La Liqa təmsilçisində isə Jerar Moreno, Alberto Moreno, Dani Parexo və Pervis Estupinyan zədəli olduqlarından oyunu buraxıblar.

Matça gəlincə, birinci hissədə ilk təhlükəli vəziyyəti qonaqlar yaradıblar. 17-ci dəqiqədə künc zərbəsindən ötürülən topu Ruben Penya başla qapıya göndərmək istəsə də, dirək qola mane olub.

32-ci dəqiqədə isə Mani Trigerosun standart vəziyyətdən vurduğu topu Şahruddin Məhəmmədəliyev çətinliklə dəf edib. İlk hissədə hesab açılmayıb.

İkinci yarıya da fəal başlayan "Vilyarreal" 53-cü dəqiqədə hesabı açmağa yaxın olub. Sol cinahdan qapıçı ilə üzbəüz qalan Samuel Çukvuezenin fərqlənməsinə yenə də Məhəmmədəliyev imkan verməyib.

6 dəqiqə sonra "Qarabağ"ın qolkiperi bu dəfə Takefusa Kubanın qüvvətli zərbəsini qarşısını alıb. 62-ci dəqiqədə Çukvueza növbəti dəfə diqqət mərkəzinə düşüb.

Sol cinahdan yerlə ötürməni saxlamadan qapıya göndərən nigeriyalı vingerin sevinməsinə Kevin Medina mane olub. 69-cu dəqiqədə Xayme Kostanın zərbəsi qapı torunu yandan silkələyib.

"Qarabağ" 2-ci yarıda ilk qol epizodunu 76-cı dəqiqədə yaxalayıb. Cərimə meydançasının qarşısında topu qəbul edən Uroş Matiçin zərbəsində azacıq dəqiqlik çatmayıb.

Cəmi 2 dəqiqə sonra isə Qurban Qurbanovun başçılıq etdiyi komanda hesabı açıb. Patrik Andradenin ideal ötürməsindən sonra Kvabena Ovusu fərqlənib. Lakin "Qarabağ"ın qol sevinci 2 dəqiqə çəkib.

80-ci dəqiqədə Yeremi Pino tarazlığı bərpa edib. 84-cü dəqiqədə isə ikinci hissədə meydana daxil olan Pako Alkaser komandasını hesabda önə keçirib. Matçda son nöqtəni də Alkaser qoyub. 90+6-cı dəqiqədə penaltidən fərqlənən forvard yekun nəticəni müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran "Vilyarreal" liderliyini möhkəmlədib. Xalsız "Qarabağ" isə 4-cü pilləyə enib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"