Elxan Məmmədov: "Qarabağ"ın oyunu neytral meydanda keçirilə bilər"

20 Oktyabr 2020 14:22 Qarabağ 409
Elxan Məmmədov: "Qarabağ"ın oyunu neytral meydanda keçirilə bilər"

Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Monteneqro ilə, "Qarabağ"ın isə Avropa Liqasının qrup mərhələsində İspaniya "Vilyarreal"ı ilə ev matçı neytral meydanda keçirilə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İctimai televiziyada yayımlanan "Bol İdman" verilişində deyib.

O bildirib ki, UEFA rəhbərliyi ölkədəki məsələrlərdən xəbərdardır. Məmmədov mütəmadi olaraq Avropa futbol qurumunu məlumatlandırdıqlarını sözlərinə əlavə edib:

"Gəncə hadisələrindən də məlumat vermişik. Təbii ki, onların xəbəri var. Xəbərləri izləyirlər, tanış olurlar. Bütün dünya bu terror hadisəsi ilə bağlı fikrini səsləndirib".

Assosiya rəsmisi hər iki oyuna görə UEFA-nın xüsusi qərarı ola biləcəyini söyləyib: "Ehtimal var ki, bu iki qarşılaşma neytral meydanda təşkil edilsin.

Onlar prosesi yaxından izləyirlər, bilirlər ki, Ermənistan tərəfindən döyüş zonasından uzaqda mülki əhaliyə raketlər atılır. UEFA riskləri də anlayır, ona görə də düşünürəm ki, müvafiq qərarları olacaq. Ya da icazə verəcəklər ki, Bakıda oynayaq. Növbəti 48 saat ərzində və ya həftəsonu qərar ola bilər".

Məmmədov oyunların hansı ölkədə keçiriləcəyi ehtimalına da münasibət bildirib: "UEFA-nın koronavirus pandemiyasına görə qərarı var idi və orada üç ölkə seçilmişdi. Bunlar Macarıstan, Polşa və Kiprdir.

Həmin ölkələr icazə vermişdi ki, pandemiyaya baxmayaraq hər komandanı qəbul etməyə hazırdırlar. Lakin burada məsələ koronavirus deyil, bir az fərqlidir.

Ola bilsin ki, həmin ölkələr tövsiyə olunsun və yaxud yeni məkanlar təklif edə bilərlər. Son söz UEFA-nındır. Məkanlarla bağlı "Qarabağ" klubu və AFFA ilə məsləhətləşəcəklər, öz sözümüzü deyəcəyik. Görüşlərin neytral meydanda və ya Bakıda olmasını UEFA müəyyənləşdirəcək".

"Qarabağ" Avropa Liqasının II turunda İspaniya "Vilyarreal"ını oktyabrın 29-da Tofiq Bəhramov adına Resublika Stadionunda qəbul etməlidir. Azərbaycan yığması Monteneqro ilə noyabrın 14-də qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti