“Qarabağ”ın qara bəxti...

18 Oktyabr 2020 23:00 Qarabağ 2 119
“Qarabağ”ın qara bəxti...

Qarabağın qara bəxti

Qalmaz belə, qalmaz dünya...

...Xalq artisti Zeynəb Xanlarova bu misraları işğal altında olan torpaqları nəzərdə tutub oxyanda, ağlına gəlməzdi ki, bir gün “Qarabağ” da eyni taleyi yaşayacaq. Gözəl diyarımızın adını Avropada dillər əzbəri edən klub-komanda ardıcıl 6 il qruplara vəsiqə qazanıb ordan o tərəfə gedə bilməyəcək.

Miroslav Zelenkanın özünü söyüm, yoxsa zatını – bu adamın nəfsi “Qarabağ”ı elə pis tutub ki, ağdamlılar illərdi quyuya düşmüş köməksiz adam kimi elə hey çabalasa da, ordan çıxa bilmir. Qrupdan növbəti mərhələyə adlamaq imkanını bir dəfə gözləri çıxmış Zelenka ayaqlar altına atdı, o biri dəfə “Qarabağ”ın hər iki oyunda məğlub etdiyi PAOK qrupdan çıxmağa nail oldu, növbətisində yeni transferlər ümidləri doğrultmadı. Hər dəfə bir əngəl, bir əmma, bir mərdiməzar.

“Köhlən atlar”ın yolu növbəti dəfə Avroliqanın qrupuna düşüb. Rəqiblər münasib, təqvim həmişəki kimidi. Amma “Qarabağ”lıların problemləri xirtdəyə qədərdi. Təqvimin sıxlığı bir dərd olub yapışıb çempionun yaxasına. Ev oyunlarında ən böyük üstünlük sayılan azarkeş amili də artıq “Qarabağ”ın xeyrinə işləməyəcək.

Rəhbərliyin koronavirus təhlükəsinə görə səviyyəli futbolçuların keçidinə böyük pullar xərcləmək istəməməsi, yəni heyət kasadlığı başqa əmmadı. Bunlar azmış kimi, bir də aparıcı futbolçuların sanki növbələşirmişlər kimi sıradan çıxmadı. Öncə Xayme, sonra Mahir, indi də Maksim. Oyun qrafiki sıxlaşdıqca davamının gələcəyi ehtimal olunur.

Bu qədər dərd-sərin üstünə bir də komendant saatı ilə bağlı qərarı gələk. Yaradana qurban olum, inşallah, ən qısa zamanda Qarabağdan şad xəbər alarıq. Həm torpaqlarımız işğaldan azad olunar, həm anaların gözlərindəki yaşlar quruyar, həm də cəbhəyə yaxın bölgələrdəki insanlar rahat nəfəs almağa başlayar. Amma müharibə davam etsə, “Qarabağ”ın işi heç də asan olmayacaq.

Ayın 29-u “Vilyareal” Bakıya gəlməlidi. Dünyaca ünlü komandanın ölkəmizə səfəri bizə hərtərəfli sərf edir. Qarabağın Azərbaycana aid olduğu növbəti dəfə təbliğ olunar, ispanlar da daxil, xaricdəkilər paytaxtımızda qələbə əhval-ruhiyyəsini görər. Amma real mənzərə və son yaşananlar adamın nikbin düşünmək imkanını əlindən alır.

Axşam 9-dan sonra evdən çölə çıxmaq qadağası aradan götürülməsə, “Qarabağ”ın “Vilyareal”ı, eləcə də, digər rəqiblərini Bakıda necə qəbul edəcəyi ilə bağlı məqam böyük sual işarəsinin altında gizlənir. Beynəlxalq oyunlarda təhlükəsizlik tədbirləri hər şeydən vacibdi. Belədə dövlət rəhbərliyinin belə bir matçın axşam saatlarında baş tutmasına necə münasibət göstərəcəyini bilmirik. Oyunun başlama vaxtını 2-3 saat qabağa çəkmək isə, mən bilən, mümkün deyil.

İnanmaq istəyirik ki, AFFA “Qarabağ”ın müraciətini daha yaxşı formada aidiyyatı qurumlara çatdıracaq ki, “yuxarıdakıların” cavabı da müsbət olacaq. Çünki “Atletik”, “Atletiko”, “Sevilya”nın ardından “Vilyareal”ın da Bakıya gəlməsi ölkəmiz və futbolumuz adına xoş haldı. Ən azından bu cür həssas məqamda “Qarabağ”la oynayacağı nəzərə alınmalıdı. Yaxşı olacağına ümid edək. Bir neçə gündən sonra “oyun neytral meydanda keçiriləcək” tipli başlıqla rast gəlməmək ümidi ilə (ofsideplus)...

Digər Xəbərlər
Xəbər Lenti