Bu adamdan hələ bir klubumuz xeyir görməyib - VİDEOLAR

14 Avqust 2020 11:48 Qarabağ 1 090
Bu adamdan hələ bir klubumuz xeyir görməyib - VİDEOLAR

Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ” – “Sileks” oyununa təyinat alan Yaroslav Kozık Azərbaycan komandaları üçün tanış simadır.

ukraynalı referi baş hakim kimi, 4-cü dəfə ölkəmizə səfər edəcək.

Kozık Azərbaycanda ilk dəfə 2015/16 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində “İnter”in (indiki “Keşlə”) “Hafnarfyordur”la görüşündə iş başında olub.

2:2 hesabı ilə nəticələnən görüşdə ukraynalı bakılılara 2 sarı vərəqə göstəribsə, İslandiya təmsilçisini 5 sarı, 1 qırmızı vərəqə ilə cəzalandırıb.

Səlahət Ağayev və Rauf Əliyevin sarı aldığı matçda ilk qolu hazırda “Qarabağ”ın formasını geyinən Abbas Hüseynov vurub. Matça əlavə olunmuş 30 dəqiqədə bərabərlik topunu vuran “İnter” mərhələ adlayıb.

40 yaşlı referi 2016/17 mövsümündə bu dəfə “Neftçi”nin Avropa Liqasının I təsnifat mərhələsində “Baltsan”la matçında fit çalıb. Həmin qarşılaşmada isə Malta klubu 2:1 hesablı qələbə qazanıb.

“Neftçi”yə 3 (Jairo, Dario Melnyak, Elşən Abdullayev), “Baltsan”a isə 7 sarı vərəqə göstərən Kozık təmsilçimizin qapısına penalti də təyin edib. Evdə uduzmasına baxmayaraq, “Neftçi” səfər qələbəsi (2:0) sayəsində növbəti mərhələyə yüksəlib.

FIFA referisi 2019/20 mövsümündə "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Sevilya" ilə oyununa təyinat alıb. O, Ağdam klubunun Tofiq Bəhramov adına Respublika stadionunda 0:3 hesabı ilə uduzduğu matçda dördüncü hakim olub.

Ümumiyyətlə, 2013-cü ildən FİFA kateqoriyasını daşıyan Yaroslav Kozık 2020-ci ildə ilk beynəlxalq oyununa məhz Bakıda çıxacaq. “Qarabağ” – “Sileks” oyunu avqustun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!