Qurban Qurbanov püşkə qiymət verdi: "Həddən artıq diqqətli olmalıyıq və"

9 Avqust 2020 15:01 Qarabağ 1 461
Qurban Qurbanov püşkə qiymət verdi: "Həddən artıq diqqətli olmalıyıq və"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubuna rəqib olmalarına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Püşkü səbrsizliklə gözləyirdik. Mart ayından bu tərəfə rəsmi oyunlarımız yox idi, ona görə bu günü gözləyirdik. Belə bir turnirdə bir oyunluq mərhələyə nəsə fikir bildirmək çətindir.

Rəqib haqqında ən qısa zamanda məlumat toplayacağıq. Rəqiblə durumumuz eynidir, onlar da mart ayında çempionatlarını tamamlayıblar. Sadəcə, "Sileks" bu gün ölkə çempionatında ilk oyununa çıxır.

Rəqib haqqında geniş məlumat toplamaq da çətindir, çünki son rəsmi oyunlarını martda keçirib. Komanda və oyunçuları haqqda istədiyimiz informasiyanı əldə etmək asan olmayacaq.

Bu oyuna çox düzgün hazırlaşmalıyıq. Oyunumuz evdədir, ilk olaraq öz komandamızı bu qarşılaşmaya tam hazırlamalıyıq. Əlbəttə ki, futbolçular öz yaxşı performanslarından, istədiyimiz formadan və oyundan uzaq olacaq.

Bu matçda həddən artıq diqqətli olmalıyıq və güclü kollektiv kimi düşündüklərimizi meydanda yerinə yetirə bilsək, yaxşı nəticə əldə edə bilərik.

Hər bir halda bu mərhələnin bir oyunda keçirilməsi heç bir komanda üçün xoş deyil. Bütün bunlara baxmayaraq, çalışacağıq ki, qalibiyyət üçün düzgün oyun quraq və əlimizdən gələni meydanda edək".

Digər Xəbərlər
Xəbər Lenti