Hamı AFFA-dan pul alır, bəs "Qarabağ" niyə almasın?

1 Avqust 2020 21:20 Qarabağ 1 490
Hamı AFFA-dan pul alır, bəs "Qarabağ" niyə almasın?

2 gün əvvəl AFFA İcraiyyə Komitəsinin iclasında Premyer Liqada çıxış edən 4 kluba 2.5 milyon manat maddi yardım ayrılması qərara alındı.

Nəzərdə tutulan məbləğ "Qəbələ"yə 1.5 milyon, "Zirə"yə 500 min, "Sumqayıt"a 300 min və "Səbail"ə 200 min olmaqla, adıçəkilən klubların hesabına hissə-hissə ödəniləcək.

Bununla da ölkə çempionatında AFFA -dan dəstək alan elita təmsilçilərinin sayı 7-yə yüksəldi. Bir sözlə, AFFA-nın yardımından kənarda qalan tək klub "Qarabağ"dır.

Görəsən, ağdamlılar da federasiyadan maliyyə dəstəyi istəməyə hazırlaşırmı? Ümumiyyətlə, rəhbərlik bu mövzuda nə düşünür? "Qarabağ"ın direktoru Əmrah Çəlikəl Sportinfo.az-a bunları dedi:

"Hazırda belə bir planımız yoxdur. Şükürlər olsun ki, bugünkü gündə "Azərsun Holdinq" komandanın ehtiyaclarını artıqlaması ilə qarşılayır. "Azərsun" təkcə sponsor kimi yox, həm də fədəkarlığı ilə bizim yanımızdadır. Yaxşı günlərlə bərabər, pis günlərimizdə də yanımızda olub və dəstək göstərib".

Klub rəsmisi klubların AFFA-dan dəstək almasını normal qarşıladıqlarını bildirib: "Pandemiya qlobal problemdir. Bu, təkcə bizim və ya Azərbaycanın yox, dünyanın problemidir. Ona görə də ola bilər ki, hazırkı məqamda klubların dəstəyə ehtiyacı olsun və AFFA da onlara kömək etsin. Bunu normal qarşılayırıq".

Digər Xəbərlər
Xəbər Lenti