"Qurban Qurbanov uşaq deyil, mən onun qərarına nəsə deyə bilmərəm"

30 İyul 2020 20:00 Qarabağ 1 200
"Qurban Qurbanov uşaq deyil, mən onun qərarına nəsə deyə bilmərəm"

Sportinfo.az xəbər verir ki, bir neçə gündür ölkə mətbuatının diqqəti Türkiyəyə yönəlib.

Qardaş ölkə mətbuatı cari mövsümün nəticələrinə əsasən superliqaya vəsiqə qazanan “Hatayspor”un “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu komandanın sükanı arxasına aparmaq istəyi haqda xəbərlər tirajlayır.

Türkiyəli həmkarlarımızın yazdıqlarına inansaq, klub rəhbərliyi Qurbanovun xidmətində maraqlıdı və növbəti mövsümdən komandanı məhz onun çalışdırmasını istəyir. Amma təcrübəli mütəxəssisin bu təklifdən imtina etdiyi bildirilir.

Azərbaycanlı futbolçulara, məşqçilərə xarici ölkələrdən marağın, diqqətin az olduğu bir vaxtda bu xəbər hər kəs üçün gündəm mövzusu oldu. Şübhəsiz, “Qarabağ”la bir çox uğurlara imza atan təcrübəli mütəxəssisin xaricdə çalışması böyük hadisə olar.

Onun superliqa təmsilçisi ilə də uğur qazanacağına şübhə etməyənlərin sayı çoxdu. Bəs azərbaycanlı mütəxəssislər bu məsələ ilə bağlı nə düşünürlər?

Qurban Qurbanov razılıq verəcəyi halda Türkiyədə uğur qazana bilərmi? (Futbol+)

Elxan Abdullayev: “Mən inanıram ki, Qurban müəllim hansı komandaya getsə, orda uğur qazanar. Amma bu, sırf onun seçimidi. Türkiyənin superliqa klubundan təklif gəlməsi böyük şeydi. Geriyə yalnız Qurban müəllimin seçimi qalır, bu da sırf ondan asılıdı. Mən istəyərdim ki, o, Azərbaycana xeyir versin, necə ki, neçə illərdi bunu “Qarabağ”la bacarır. Digər tərəfdən, istəyərdim ki, nəinki Qurban Qurbanov, bütün məşqçilərimiz xaricdə çalışsınlar. Yenə deyirəm, Türkiyə kimi ölkənin klubundan təklif gəlməsi böyük şərəfdi. Türkiyə böyük futbol ölkəsidi, ordan təklif gəlməsi xoş xəbərdi. Mən onun hər bir uğuruna sevinərəm. Amma son qərar onundu”.

Nadir Qasımov: “Qurban Qurbanov uşaq deyil, neçə ilin mütəxəssisidi. O, artıq Avropada tanınmış məşqçidi. Həmçinin Azərbaycanı Avropada tanıtdıran şəxslərdən biridi. Onun fəaliyyəti də göz önündədi. Qurbanov hansısa qərar verirsə, deməli, yaxşı fikirləşib və hazırkı vəziyyətə uyğun addım atır. Mən onun qərarına nəsə deyə bilmərəm. Bu gün hansı qərarı veribsə, deməli, belə lazımdı. Bu qərarın düzgün olub-olmaması Qurban Qurbanovun məsələsidi, ona aiddi”.

Vaqif Sadıqov: “Özünü Qurban Qurbanovun yerində hiss edəndə, görürsən ki, qərar vermək çox çətindi. Neçə illərdi bütün gücünü, bacarığını verdiyi “Qarabağ”ımız var. Bu klubla böyük uğurlara imza atıb. Bu, onun üçün yeni bir çağırış, təklif ola bilərdi. Amma görürük ki, Qurban Qurbanov “Qarabağ”la ilklərə, yeni uğurlara imza atmaq üçün bu qərarı verib".

Digər Xəbərlər
Xəbər Lenti