"Qarabağ" legionerlərinə nə vaxt qovuşacaq?

12 İyul 2020 21:00 Qarabağ 1 471
"Qarabağ" legionerlərinə nə vaxt qovuşacaq?

Sportinfo.az xəbər verir ki, qarşıdakı avrokubok mövsümündə ölkəmizi Çempionlar Liqasında layiqincə təmsil etməyi hədəfləyən “Qarabağ” hazırlıq mərhələsinə başlamaq ərəfəsindədir.

Digər klublar kimi, çempionun qarşısında duran əsas məqsəd də koronavirus testi vermək və xoş xəbər almaqdır.

Yalnız bu proses başa çatandan sonra ağdamlılar paytaxtı tərk edə bilər. “Qarabağ”ın üz tutacağı məkanın adı bəllidi. Baş məşqçi Qurban Qurbanov hər cür şəraitə malik Qəbələni seçib.

Komanda üzvləri iyulun 14-də kurort bölgəsinə yollanmaq niyyətindədi. Əsasən yerli futbolçuların yer alacağı avtobusda “Qarabağ”lıların ümumi sayı 30-35 nəfər olacaq.

Legionerlərdən Abdulla Zubir, Ovusu Kvabena, Filip Ozobiç və yeni transfer Vild-Donald Gerye Qəbələyə gedəcək. Bir həftə əvvəl İspaniyaya yollanan Miçellə Xaymenin də toplanışın gedişində komandaya qoşulacağı dəqiqdir.

İspanlar ayın 14-nə qədər gəlib çıxmasalar da, bir neçə gün yubanma ilə özlərini çatdıracaqlar. Klub rəhbərliyi artıq indidən hər iki əcnəbinin Bakıya qayıtması üçün aidiyyatı qurumlarla danışıq aparır, prosedur qaydaları ilə maraqlanır.

“Qarabağ”la müqavilə bağlamaq üçün Azərbaycana gəlməli olan Kevin Medina ilə bağlı durum da eynidi. O da Bakıya təşrif buyurmaq üçün xüsusi icazə gözləyir.

“Qarabağ” Qəbələdə olduğu müddətdə digər avrokubok təmsilçilərimizlə yoldaşlıq görüşlərində qüvvəsini sınamağı planlaşdırır.

Lakin indiki məqamda oyunların keçirilmə tarixi ilə bağlı məlumat yoxdu. Həmçinin “köhlən atlar”ın Bakıya qayıdacağı gün də bilinmir. Bu haqda qərar Çempionlar Liqasının püşkatmasından sonra veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti