“Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb

8 İyul 2020 20:00 Qarabağ 1 366
“Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb

Mövsümün erkən başa çatması ilə bağlı verilən qərardan sonra klub rəhbərliyi ilə məşqçilər heyətini düşündürən növbəti “futbol ili” üçün heyətin qurulması, hazırlıq planının hazırlanmasıdır.

Futbolçuları, xüsusən də legionerləri başqa şey maraqlandırır: hansısa yolla vətənə yollanıb bir müddət ailə üzvlərinin yanında dincəlmək.

Sportinfo.az xəbər verir ki, artıq bunun da çarəsi tapılıb. Ölkəmizdə top qovan əcnəbilər ya Bakı - İstanbul reysi ilə, ya da çarter reysi sifariş etməklə Azərbaycanı tərk edirlər.

“Qarabağ”ın ispan “üçlüy”ünü öncüllərdən saya bilərik. Miçel, Xayme və Daniel Romero qardaşları ötən həftə çarter reysi ilə İspaniyaya yollandılar.

Deyilənə görə, belə bir təyyarəni sifariş etmək heç də ucuz başa gəlmir. Qiymət 50-60 min avro civarındadı (təxminən 100-120 min manat). Bu isə 3 nəfərlik qrup üçün az məbləğ sayıla bilməz.

İspanlara bu məsələdə klub rəhbərliyinin də müəyyən mənada yardım etdiyi ehtimal olunur. Üstəlik, “uçan gəmi”dəki sərnişinlərin təkcə “Qarabağ”lılar olmadığı da deyilir.

Təfərrüata klubun mətbuat katibi Nurlan İbrahimovla söhbətdə vardıq: “Təyyarədə təkcə bizim futbolçular olmayıb, başqa şəxslər də olub. Təbii, klub olaraq futbolçularımızın vətənlərinə yollanması üçün hansısa mənada maddi-texniki dəstək göstərmişik. Lakin bu barədə detallı məlumat verə bilməyəcəm.

Bircə onu deyə bilərəm ki, uçuşun Bakıdan həyata keçməsi üçün İspaniya səfirliyinə müraciət olunub və xüsusi icazə alınıb. Futbolçuların nə vaxt geri dönəcəkləri bəlli deyil. Bu, karantin rejimi ilə bağlı müvafiq qərarlardan asılı olacaq”.

Yeri gəlmişkən, klub rəhbərliyi klubla müqavilə müddəti bitən və hələ də Bakıda olan legionerlərin vətənlərinə yollanması üçün də səy göstərir. Aidiyyatı qurumlara müraciət ünvanlanır, aviabiletlərin alışı diqqət mərkəzində saxlanılır. Nurlan bəyin dediyinə görə, ən qısa zamanda əcnəbilərin hamısı ölkələrinə üz tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti